Astara rayonunun təhsil tarixində ilk dəfədir ki, bir qız məzun Heydər Əliyev adına Hərbi İnstituta qaəbul olunub. Kursant adına layiq görülmək şərəfinə nail olan məzun Nəhmətzadə Zərifə Eldəniz qızıdır.
Modern.az xəbər verir ki, “Azərbaycan müəllimi”nin məlumatına görə, 2008-ci ildə Astara rayonunun Alaşa kəndində dünyaya göz açan Zərifə təhsil yoluna 2014-cü ildə Səncərədi kənd tam orta məktəbində başlayıb. Daha sonra Astara şəhər Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbdə oxuyub, 2025-ci ildə həmin məktəbi başa vurub. Buraxılış imtahanından 203, qəbul imtahanından isə 247 bal toplayaraq ümumilikdə 450 bal ilə Heydər Əliyev adına Hərbi İnstitutun kursantı adına layiq görülüb.
Zərifənin hərbi peşəyə yönəlməsində atasının təsiri az olmayıb. Polis orqanlarında xidmət edən atası onun üçün ən böyük nümunə olub və bu yolda qızına ruhlandırıcı dəstək verib.
“Cənub bölgəsində qızların hərbi sahəyə yönəlməsi bir az qəribə qarşılanır. Amma mən bu addımı atmaqla gələcəkdə başqa qızlara da yol açacağıma inanıram. Rayonumuzun tarixində ilk qız kursant olduğum üçün qürur hissi keçirirəm. Digər qızlara da tövsiyə edirəm ki, bu çətin və şərəfli peşədə addımlamaqdan qorxmasınlar”, - Zərifə Nəhmətzadə bildirib.
O, gələcəkdə vətəninə layiqli xidmət göstərərək ən yüksək rütbələrə sahib olmağı qarşısına məqsəd qoyub. Ən əsası isə qızlara verdiyi mesajdır:
“Kimliyindən və şəxsiyyətindən asılı olmayaraq, ürəkdən bu vəzifəni istəyən qızlar bu yoldakı çətinliklərə dözməli, “qızın hərbi sahədə nə işi var?” kimi sözlərə əhəmiyyət verməməlidirlər!”