Modern.az

Azərbaycanda 12 illik təhsilə keçid REAL GÖRÜNÜR

Azərbaycanda 12 illik təhsilə keçid REAL GÖRÜNÜR

Təhsil

2 Sentyabr 2025, 17:27

Son illərdə qlobal təhsil sistemində müşahidə edilən əsas tendensiyalardan biri də məktəb təhsilinin 12 illik modelə keçirilməsidir. ABŞ, Kanada, Avropa ölkələri, qonşu Türkiyə və bir sıra postsovet respublikaları bu sistemi artıq uzun müddətdir ki, tətbiq edir. Ölkəmizdə isə hələ də 11 illik məktəb sistemi mövcudluğunu qoruyub saxlayır. Sözügedən fərq ölkənin gələcək təhsil siyasətində əsas müzakirə mövzularından birinə çevrilib. Həmçinin, Azərbaycanda 12 illik sistemə keçid və bu keçidin təhsil sektoruna təsirləri də maraq doğuran məsələlər sırasında yer alır.

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Pərvanə Məmmədova Modern.az-a danışan zaman qeyd edib ki, son illərdə Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar bu keçidin reallaşma ehtimalını artırır:

“Yeni məktəb binalarının inşası, müəllimlərin diaqnostik qiymətləndirilməsi və sertifikatlaşdırılması, elektron təhsil resurslarının inkişafı, kurikulumların modernləşdirilməsi kimi addımlar maddi-texniki baza və kadr potensialının mərhələli şəkildə gücləndirildiyini göstərir. Bu fonda 12 illik sistemə keçid üçün müəyyən infrastruktur və resurs bazası formalaşır. Bununla yanaşı, hüquqi baza da uyğunlaşdırılmalı, təhsil qanunvericiliyində müvafiq dəyişikliklər edilməlidir. Əgər bu proses ardıcıl, planlı və strateji yanaşma ilə həyata keçirilərsə, Azərbaycanda 12 illik məktəb modelinin tətbiqi real görünür”.

Onun sözlərinə görə, 12 illik təhsil modelinin tətbiqi bir sıra mühüm üstünlüklər vəd edir:

“Əvvəla, bu sistem beynəlxalq standartlara uyğunluq baxımından vacibdir. Dünyada geniş yayılmış bu model məzunların diplomlarının tanınmasını asanlaşdırır və xaricdə təhsil almaq istəyən gənclər üçün əlavə imkanlar yaradır. Digər tərəfdən, əlavə bir il şagirdlərə proqram materiallarını daha dərindən mənimsəmək, öyrəndiklərini praktikada tətbiq etmək imkanı verir. Bu müddət həmçinin ixtisas yönümlü hazırlığa yönəldilə bilər. Şagirdlər son ildə gələcək peşələrinə uyğun bilik və bacarıqlarla təchiz olunmaqla yanaşı, həm də əmək bazarına daha hazır vəziyyətdə daxil ola bilərlər. Eyni zamanda, bu sistem ali təhsilə keçidi daha səmərəli edir. Şagirdlər universitetə daha yetkin dünyagörüş, inkişaf etmiş sosial bacarıqlar və emosional hazırlıqla qədəm qoyurlar”.

O həmçinin əlavə edib ki, bununla belə, 12 illik sistemə keçid müəyyən çağırışlar da yarada bilər:

“Əlavə maliyyə yükü bu keçidin əsas problemlərindən biridir. Yeni sinif otaqlarının yaradılması, müəllim maaşlarının artırılması, dərsliklərin hazırlanması dövlət büdcəsi üçün əlavə xərclər deməkdir. Digər tərəfdən, hazırkı sistemə öyrəşmiş valideyn, şagird və müəllimlər üçün adaptasiya dövrü müəyyən narahatlıqlarla müşayiət oluna bilər. Ən önəmlisi isə budur ki, əlavə il yalnız formal şəkildə həyata keçirilərsə, heç bir real fayda gətirməyəcək. Bu səbəbdən proqram məzmunu müasir kompetensiyalara – rəqəmsal savadlılıq, tənqidi düşüncə, effektiv kommunikasiya və peşə bacarıqlarına əsaslanmalıdır”.

P.Məmmədova onu da diqqətə çatdırıb ki, Azərbaycanın təhsil siyasəti qlobal tendensiyalar və dəyişən reallıqlara uyğun inkişaf etməlidir:

“12 illik təhsil sisteminə keçid sadəcə təhsil müddətinin uzadılması deyil, məzmun və keyfiyyət baxımından da ciddi transformasiya deməkdir. Əgər bu islahat düzgün planlaşdırılarsa və geniş ictimai müzakirə əsasında həyata keçirilərsə, Azərbaycanda təhsilin keyfiyyətinə, gənclərin intellektual inkişafına və ölkənin beynəlxalq təhsil məkanına inteqrasiyasına mühüm töhfə verə bilər. Nəticədə insan kapitalının inkişafı sürətlənər və bu da ölkənin ümumi sosial-iqtisadi tərəqqisinə xidmət edər”,- deyə o fikrini yekunlaşdırıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular