Modern.az

3000-dən çox təhsil kredit müqaviləsi rəsmiləşdirilib 

3000-dən çox təhsil kredit müqaviləsi rəsmiləşdirilib 

Təhsil

3 Sentyabr 2025, 17:27

24 iyul tarixindən etibarən Fonda məxsus elektron portalın müraciətlərin qəbul olunduğu gündən bu günə qədər sistemə 7500-ə yaxın müraciət daxil olmuş, onlardan 3000-dən çox kredit müqaviləsi artıq rəsmiləşdirilmişdir.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Tələbə Kredit Fondundan məlumat verilib.

Bildirilib ki, ümumi statistikaya nəzər yetirdikdə  Fond fəaliyyətə başladığı dövrdən indiyədək ümumilikdə 78000-dən çox müraciət qeydə alınmış, onlardan 61000-i üzrə kredit müqavilələrinin rəsmiləşdirilməsi həyata keçirilmişdir.

Məlumdur ki, təhsil tələbə kreditləri sosial və standart olaraq iki növdə təqdim olunur. Sosial kredit illik 2% faiz dərəcəsi ilə, standart kredit isə illik 6% faizlə verilir. Bu günə qədər 40000-ə yaxın standart, 20000-dən çox sosial növ üzrə təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilmişdir.

Əlavə olaraq qurumdan verilən məlumata görə, təhsil tələbə kreditləri yalnız Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulmuşdur. Kreditlərdən yararlanmaq hüququna malik şəxslər akkreditə olunmuş ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin texniki və yüksək texniki peşə səviyyələrində əyani və ödənişli əsaslarla, normativ təhsil müddətində təhsil alan tələbələrdir.

Təhsil tələbə kreditlərinə müraciət etmək üçün əsas şərtlərdən biri tələbənin əvvəlki semestr üzrə akademik borcunun – yəni, fənlər üzrə kəsirinin – olmamasıdır. Müraciətlər hər semestr üzrə qəbul olunur və hər yeni semestr üçün ayrıca təqdim edilməlidir.

Xatırladaq ki, Təhsil Tələbə Krediti Fondu 24 iyul tarixindən 2025-2026-cı tədris ilinin payız semestri üzrə müraciət dövrünü açıq elan edib.

Qeyd edək ki, müraciət prosesi semestrin sonuna qədər davam edəcək.

"Bununla yanaşı, qeyd olunan müddət ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunanların sənəd qəbulu prosesi ilə eyni vaxtla başlayıb",- TTKF-dan bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular