Modern.az

Peşə təhsilinə maraq azdır - Ekspert çıxış yollarını açıqladı

Peşə təhsilinə maraq azdır - Ekspert çıxış yollarını açıqladı

Təhsil

5 Sentyabr 2025, 17:01

Ölkəmizdə uzun müddətdir diqqət çəkən məsələlərdən biri də peşə təhsilinə marağın azlığı ilə bağlıdır. Dövlət tərəfindən bu istiqamətdə bir sıra proqramlar və təşəbbüslər həyata keçirilərək gənclərin peşə təhsilinə cəlb olunması təşviq edilsə də, lakin valideynlər, eləcə də bir sıra gənclər arasında hələ də peşə təhsilinə qarşı yanlış düşüncələr mövcuddur.

Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova bildirib ki, peşə təhsilinə marağın nisbətən az olması yalnız bizdə deyil, eləcə də bir çox ölkələrdə də müşahidə olunan tendensiyadır.

“Son illərdə dövlət bu sahəyə ciddi diqqət ayırır. Peşə təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilir, yeni ixtisaslar açılır, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edilir. Müasir avadanlıqlarla təchizat aparılır ki, şagirdlər praktik bacarıqları birbaşa iş mühitinə uyğun öyrənsinlər. Elm və Təhsil Nazirliyi tərəfindən “dual təhsil” modelləri, yəni təhsil və istehsalatı birləşdirən proqramlar da genişlənir. Bu isə peşə təhsili məzunlarının iş tapmaq imkanlarını artırır”.

Müsahibimizin sözlərinə görə, peşə təhsilinə olan marağın azlığı daha çox cəmiyyətin düşüncələri ilə bağlıdır:

“Valideynlər və abituriyentlər hələ də “yalnız ali təhsil uğurdur” fikri ilə yaşayırlar. Halbuki əmək bazarında yüksək maaşlı texniki və praktiki peşələrə tələbat getdikcə artır. Bu ziddiyyət isə gənclərin seçimlərinə təsir göstərir.

Mənim təklifim odur ki, maarifləndirmə kampaniyaları gücləndirilsin. Uğurlu peşə təhsili məzunlarının real həyat hekayələri televiziyada, sosial mediada və məktəblərdə paylaşılmalıdır. Valideynlərlə daha sıx iş aparmaq vacibdir, çünki ən böyük təsir onlardadır. Onlara göstərilməlidir ki, peşə təhsili alan övlad sabah işsiz qalmayacaq, əksinə, praktik bacarıqları ilə daha tez əmək bazarına daxil olacaq. Eyni zamanda, peşə məktəbləri konkret şirkətlərlə əməkdaşlıq edərək məzunlara iş imkanları təqdim etsələr, bu inamı daha da gücləndirər”.

G.Əkbərova həmçinin ictimai imici dəyişməyin vacibliyi məsələsinə də toxunub:

“Peşə təhsilinə “ikinci seçim” kimi yox, əmək bazarının əsas dayaqlarından biri kimi yanaşmaq vacibdir. Bunun üçün məktəblərdə 8–9-cu siniflərdən başlayaraq peşə təhsili ilə tanışlıq günləri, regionlarda peşə sərgiləri və ustad dərsləri təşkil oluna bilər. Həmçinin televiziya və sosial şəbəkələrdə “usta-şagird” hekayələri, gənc peşəkarların uğur nümunələri təqdim edilməsi çox təsirli olar”.

Yekun olaraq həmsöhbətimiz onu da əlavə edib ki, peşə təhsili yalnız alternativ yox, həmçinin gələcəyin ən real seçimlərindən biridir:

“Əsas məsələ bu reallığı həm gənclərə, həm də valideynlərə düzgün izah edə bilməkdir”,- deyə G.Əkbərova qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular