Deputat Elmira Axundovanın oğlu Həbib Axundov şəxsinə ünvanlanmış ittihamlara cavab olaraq
Artıq bir neçə aydır ki, mən və anam Elmira Axundova barədə Fərman Məmmədov adında bir şəxs qərəzli və böhtan dolu yazılar dərc etdirməkdə, bizim ailəmizi heç bir əsas olmadan 7-8 milyonluq dələduzluqda ittiham etməkdədir. Biz bu ittihamlara nəinki dəfələrlə mətbuatda cavab vermişik, hətta bizim təşəbbüsümüzlə hüquq mühafizə orqanlarında cinayət işi başlanılıb. Məqsədimiz Elnur İbrahimovun tapılaraq istintaqa cəlb edilməsi, həqiqətin üzə çıxması, mənə və digər zərərçəkənlərə dəymiş ziyanın ödənilməsidir.
Artıq bu iş üzrə araşdırmalar aparılıb, şahidlər dindirilib, mən və Ziya Vəliyev zərərçəkən kimi tanınmışıq. Fərman Məmmədovu və bu işdə olan başqa insanları da istintaqa cəlb edərək onlardan izahatlar alırlar. Nə üçün onlar təşvişə düşüblər? Axı onları heç kəs ittiham etmir. Biz həqiqətin üzə çıxmasını istəyirik ki, əsl günahkar müəyyən olunsun, cəzalandırılsın, mətbuatda gedən bu yazılara birdəfəlik son qoyulsun. Nə üçün mənə qarşı bu yazıları dərc edənlər məhkəməyə müraciət etməkdən, hüquq mühafizə orqanlarına ifadə verməkdən çəkinirlər? Nə üçün özlərinin qeyd etdikləri kimi “səksəkə” içindədirlər? Fərman Məmmədov və onun təhriki ilə hərəkət edən insanlar qanuni yolla haqlarını tələb etmək əvəzinə kütləvi informasiya vasitələri ilə müxtəlif instansiyalara, o cümlədən ali qurumlara müraciət etməyi üstün tuturlar. Heç bir əsas olmadan məni dələduzluqda ittiham edirlər. Mən artıq dəfələrlə demişəm: “biz demokratik və hüquqi cəmiyyətdə yaşayırıq və bütün bu cür iddiaları məhkəmə təmin etməlidir”. Heç bir orqan məhkəmənin və hüquq mühafizə orqanlarının rolunu oynaya, onlara təzyiq edə bilməz. Yeri gəlmişkən, hal-hazırda mənim iddiam əsasında Fərman Məmmədova qarşı Binəqədi rayon məhkəməsində məhkəmə prosesi gedir. Bu cür yazılar məhkəməyə təzyiq vasitəsi kimi də qiymətləndirilə bilər.
Nə üçün saytınızda gedən yazıda adları çəkilən şəxslər Fərman Məmmədovun təhriki ilə bu şantaj dolu yazıları mətbuatda yaymağa davam edirlər? Fərman Məmmədov bu qədər adamın adını çəkməklə ictimai rəydə çaşqınlıq yaratmağa, hər kəsi aldatmağa çalışır. Əgər saytınızda qeyd olunan soyadlara fikir versək görərik ki, bunlar Məmmədovlar və Vəliyevlər ailəsidir. Fərman Məmmədovun və Ziya Vəliyevin bütün qohum-əqrabasının adları göstərilib bu yazıda, açıq-aşkar görünür ki, süni şəkildə zərərçəkənlər ordusu yaradılmağa çalışılır, bununla da cəmiyyəti aldatmağa cəhd göstərirlər.
Mən Ziya Vəliyevi ümumiyyətlə başa düşə bilmirəm, o istintaqda öz imzası ilə təsdiq edib ki, bütün pulları əlbəəl Elnur İbrahimova verib, mənimlə ümumiyyətlə onun ünsiyyəti olmayıb. O hansı əsasla məni ittiham edir?
Bir sözlə, belə yazılar heç bir hüquqi əsasa malik deyil və insanda ancaq ikrah hissi oyadır. Axı dəfələrlə digər saytlarda təkzib olunmuş eyni məzmunlu, oxucunu bezdirən yazını neçə dəfə ayrı-ayrı adamların adı altında vermək olar?
Sonuncu dəfə bu məsələ ilə bağlı təkzib verərək və üzümü KİV nümayəndələrinə tutaraq təkidlə xahiş edirəm ki, bir tərəfli qərəzli yazılara son qoyulsun və konkret olaraq bu işlə əlaqədar istintaqın və məhkəmənin yekun qərarını gözləsinlər.
Sonda onu da qeyd etməyi özümə borc bilirəm ki, Elmira Axundova və sizin “Müsavat” Partiyasının nümayəndəsi Xasay Fərzullayev eyni dairədən deputatlığa namizəd olduqları üçün Fərman Məmmədovun bu şikayətinin sizin mətbu orqanlarınızda dərc edilməsini təzyiq vasitəsi kimi qiymətləndirirəm. Xahiş edirəm təkzibimi sayt və qəzetinizdə dərhal yerləşdirəsiniz.
Həbib Axundov