Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərində “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodunun açılış, “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma, “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunun istifadəyə verilməsi mərasimlərində iştirak edib.
Əvvəlcə dövlət başçısı “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodunun açılışını edib.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlət başçısına zavodun fəaliyyəti haqqında məlumat verib.
Bildirilib ki, illik istehsal həcmi 6500 ton olan müəssisədə polad və çuqun əritmə üsulu ilə hidrotexniki məhsulların hissələri hazırlanır.
Prezident İlham Əliyev zavodu işə salıb, istehsal prosesinə baxıb.
Sonra dövlət başçısı “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma mərasimində iştirak edib.
Azərbaycan kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ildə yaradılan “SOCAR Polymer” şirkətinin polipropilen və yüksək sıxlıqlı polietilen qurğuları Prezident İlham Əliyevin Sərəncamı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunur.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlət başçısına görüləcək işlər barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, şirkətin iki qurğusu hər il 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək. Bu qurğular 2018-ci ildə istismara veriləcək.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunun açılışında iştirak edib.
Dövlət başçısı zavodun kollektivi ilə görüşüb.
Sonra Azərbaycan Prezidenti zavodun butilen-butadien fraksiyasının hidrogenləşməsi və maye qazların kükürdlü birləşmələrdən təmizlənməsi qurğularını işə salıb.
Sonda xatirə şəkli çəkdirilib.
Modern.az