Modern.az

Deputatlığa namizəd yoxa çıxıb - Xanımından AÇIQLAMA

Deputatlığa namizəd yoxa çıxıb - Xanımından AÇIQLAMA

Təhsil

26 Oktyabr 2015, 12:42

19 saylı Nərimanov 1-ci seçki dairəsindən deputatlığa namizəd Ramin Hacılı yoxa çıxıb. Bu haqda özünün Facebook səhifəsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı məlumat yayıb. 

Məsələ ilə bağlı Modern.az saytı Ramin Hacılının xanımı, deputatlığa namizəd Aysel Əlizadə ilə əlaqə saxlayıb.

O, bu məsələ ilə bağlı danışa bilməyəcəyini, səhhətində problem olduğunu bildirdi.

Aysel Əlizadə yoldaşının namizədliyini geri götürməsi məsələsi ilə bağlı “ Ramin namizədliyini geri götürməyib. Bu məsələ ilə bağlı bundan başqa heç nə söyləyə bilmərəm” dedi.

Amerikanın Səsi"nə açıqlamasında isə Aysel Əlizadə Ramin Hacılının yoxa çıxdığını təsdiqləyib.

O, Hacılının harada və hansı şəraitdə yoxa çıxması barədə məlumata malik deyil.

“Polisə məlumat vermişik, axtarırlar”, - A.Əlizadə qeyd edib.

Ramin Hacılının həyat yoldaşı Aysel Əlizadə isə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəddir. Ramin Hacılı həm də Əlizadənin səlahiyyətli nümayəndəsidir.

“Dünən 8 saylı Binəqədi birinci seçki dairəsindən mənə zəng etdilər ki, Ramin ora sənəd təqdim etməlidir. Ramin mənim səlahiyyətli numayəndəmdir. Mən onun telefonlarına zəng etdim, telefonları bağlı idi. Heç vaxt telefonlarını söndürümür. Narahat oldum. Bir necə saat keçdi, yenə telefonları bağlı idi. Bundan sonra vəkillərimlə Raminin seçki qərargahına getdim. Orada da yox idi. Dostlarını aradıq, onların da məlumatı yox idi. Nəhayət, Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzinə” xəbər verdik”, - Aysel Əlizadə bildirib.

Ramin Hacılı oktyabrın 25-də saat 18 radələrində Facebook səhifəsində Azərbaycan prezidentinə müraciətini yayıb. O bildirir ki, ölkədə korrupsiya və rüşvətin qarşısının alınması üçün gənclərin potensialından istifadə edilməlidir.

Hacılı həmçinin deputatlığa namizəd olduğu seçki dairəsində yerli hakimiyyət qurumlarının potensialından Yeni Azərbaycan Partiyasının namizədinin xeyrinə istifadə olunduğunu deyir və prezidentdən bunların qarşısının alınması üçün kömək istəyir.

Ramin Hacılının yoxa çıxması müraciətinin yayılmasından bir neçə saat sonraya təsadüf edir.

Hüquq-mühafizə orqanlarından Ramin Hacılının yoxa çıxması ilə bağlı məlumat almaq mümkün olmayıb.

Vüsalə Qəzənfərqızı

Sizə yeni x var
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM