Modern.az

Keçmiş nazirdən hakimiyyətə sərt TƏNQİD:“Oğurluq pisdir, arsızlıq isə ondan da pisdir”

Keçmiş nazirdən hakimiyyətə sərt TƏNQİD:“Oğurluq pisdir, arsızlıq isə ondan da pisdir”

26 Oktyabr 2015, 17:44

Türkiyənin keçmiş mədəniyyət və turizm naziri Ərtoğrul Günay hakimiyyəti sərt şəkildə tənqid edib. O, prezident Ərdoğanın əsas sözçüsü Mustafa Varankın canlı yayımda bəzi telekanalların “Türksat”dan çıxarılması ilə əlaqədar sözlərinə qarşılıq “Türkiyə prezidenti əgər bu yoldaşlardan məsləhət alırsa, vah... Çox kədərlənərəm”, - deyib.

Modern.az saytı Türkiyə mediasına istinadən bildirir ki, Günay ölkəsində baş verən digər olaylara da münasibət bildirib. Onun fikrincə, ölkədə ard-arda ağrılı hadisələr yaşanmasına baxmayaraq, hökumətin üzərinə heç bir məsuliyyət götürməməsi pis örnəkdir:

“Oğurluq, sui-istifadə pis şeydir, amma arsızlıq hamısından daha pismiş”.

Ərtoğrul Günay Antalyada qatıldığı bir tədbirdə jurnalistlərin gündəmlə əlaqədar suallarını cavablandırıb. Noyabrın 1-də keçiriləcək seçkilər ərəfəsi hökumətin ifadələrinin sərtləşməsini qiymətləndirən Günay bu vəziyyətin yeni olmadığını, 2013-cü il dekabrın 17-25-dən  bu yana iqtidarın çox sərt və təcavüzkar bir dil istifadə etdiyini bildirib.

İqtidarın bununla cəmiyyəti qorxutmağa, azad səs kanallarını kəsməyə və öz fikirlərini zorla cəmiyyətə təlqin etməyə çalışdığını vurğulayan keçmiş nazir deyib: “Bu, bir çaxnaşma, təlaş halıdır. Bir müddət üçün təsirli ola bilər, olur da, amma davamlı ola bilməz. Bir cəmiyyət davamlı qorxu ilə yaşamaz. Hələ Türkiyə kimi gənc bir cəmiyyət ümidlə yaşar. İqtidardakı dostlarımızın bunu görmələri lazımdır. Təəssüf ki, bir qorxuya qapdırdılar özlərini və həm özlərini qorxudurlar, həm cəmiyyəti qorxutmağa çalışırlar. Mediaya təzyiqlər etməyə çalışırlar, bir tweet edənin üstünə getməyə çalışırlar, qəzetləri bir ölçüdə, bir rəsmi bülleten halına gətirməyə çalışırlar. Bu davam etdirilə biləcək bir iş deyil. Dünyada da nümunələri yoxdur”.

Türkiyənin bu vəziyyətdən çıxacağına olan inancını ifadə edən Günay sonda vurğulayıb: “Amma biz bu qorxu tunelini bir müddət daha yaşayacağıq”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM