“ATƏT-in Minsk Qrupunun fəallaşması Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə hazırlıqla bağlıdır. Həmsədrlər hazırda prezidentlərin yenidən bir araya gəlməsi üçün bəzi prosedur məsələlərini həll etmək və görüş yerini müəyyənləşdirmək istəirlər”.
Bunu Modern.az saytına keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.
O, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərini şərh edərkən bildirib ki, onlar fürsətdən yararlanaraq bölgədəki son situasiyanı nəzərdən keçirirlər.
Ekspertin fikrincə, həmsədrlər ölkə başçısı İlham Əliyevlə görüşdükdən sonra Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti danışıqlarının harada baş tutması məsələsini müzakirə edəcəklər:
“Zənnimcə, prezidentlər Moskvada görüşə bilərlər. Çünki İlham Əliyev və Serj Sərkisyan Moskvanı daha münasib hesab edirlər.
Bunun səbəbi odur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı Rusiya status-kvonun dəyişdirilməsində maraqlı kimi görünür. Moskva Dağlıq Qarabağın hüdudlarından kənardakı 7 rayonun mərhələ-mərhələ Azərbaycana qaytarılması məsələsində konstruktiv mövqedə dayandığını göstərmək istəyir. Düşünürəm ki, görüşün gündəliyini və yerini müəyyənləşdirmək çətin olmayacaq”.
Politoloq qeyd edib ki, prezidentlər görüşsə, Ermənistan tərəfi yenə də Dağlıq Qarabağın statusu məsələsini ortaya atacaq: “Ermənistan tərəfi həmişə Dağlıq Qarabağın statusunu önə çəkərək danışıqlar proesesinə əngəl törədib”.
ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 26-da Yerevanda Ermənistan prezidenti Serj Sərkisyanla görüşüblər. Onlar Dağlıq Qarabağa səfər etdikdən sonra Bakıya gələcəklər.
Aqşin Kərimov