Belarusun dövlət başçısı Aleksandr Lukaşenko 11 yaşındakı oğulu Nikolayı yanından ayırmır. Modern.az bildirir ki, xarici mediada Nikolayın atasının yaratdığı xanədanda varis olacağı istiqamətində şərhlər verilir.
Bu şərhlərdə qeyd edilir ki, iki həftə əvvəl beşinci dəfə Belarus prezidenti seçilən 61 yaşındakı Aleksandr Lukaşenko indidən 11 yaşındakı oğlunu siyasətə hazırlayır. Atası ilə ölkəsində və ya xaricdə rəsmi yığıncaq və mərasimlərə qatılan Nikolay Lukaşenko bütün dünyanın da marağını cəlb edib.
Qərb mediasında “Lukaşenko niyə oğlunu hər getdiyi yerə aparır” sualı ilə maraq oyadan Nikolayın, atasının yaratdığı xanədanın varisi olacağı iddia edilir.
İndiyə qədər keçmiş Roma Papası Benedikt, Venesuelanın keçmiş dövlət başçısı Huqo Çaves və Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev ilə görüşən Nikolay Medvedevdən qızıl suyuna çəkilən bir silah hədiyyə də almışdı.
Sentyabr ayında Çinin paytaxtı Pekində təşkil edilən 2-çi Dünya Müharibəsində qələbənin qeyd edildiyi mərasimə Rusiyanın prezidenti Vladimir Putin və Çinin dövlət başçısı Şi Cinpin ilə yan-yana göstərilən Nikolay, daha sonra çəkilən ailə fotoşəkilində də ön sırada atası ilə yerini almışdı. Ancaq Nikolayın beynəlxalq platformada qatıldığı ən yüksək səviyyəli yığıncaq keçən ay Nyu-Yorkda təşkil edilən BMT Baş Assambleyasındakı görüşlər olub.
Belarusun BMT-dəki səfirinin yanında çıxışları dinləyərkən göstərilən Nikolay, bununla da qalmadı; atası ilə birlikdə ABŞ-ın dövlət başçısı Barak Obama və birinci ledi Mişel Obama ilə çəkilən fotoşəkilə düşə bildi.
Atasının rəsmi ziyarətləri səbəbi ilə keçən il 6 ay məktəbə getmədiyi bildirilən Nikolay, hər getdiyi ölkədə diqqəti özünə cəlb edir. Ancaq atası Lukaşenko, Qərb mediası tərəfindən xanədanını meydana gətirməkdə günahlandırılır. Nikolayın ordu generalları tərəfindən salamlanılmaq məcburiyyətində qaldığı rəli sürülür.
Lukaşenkonun münasibətinin yaxşı olmadığı deyilən həyat yoldaşından 39 və 35 yaşında iki oğulu daha var. Böyük oğlu Viktor Milli Təhlükəsizlik Şurasında məsləhətçilik edərkən, digər oğlu Dmitri Belarus Olimpiya Komitəsində çalışır.
Modern.az