Modern.az

Cenevrədə Azərbaycandakı miqrantların məsələsindən danışıldı

Cenevrədə Azərbaycandakı miqrantların məsələsindən danışıldı

27 Oktyabr 2015, 16:50



İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Miqrasiya Təşkilatının miqrasiya üzrə beynəlxalq dialoq çərçivəsində “Miqrantlar və şəhərlər” mövzusunda 50 ölkənin iştirak etdiyi beynəlxalq konfrans keçirilir.

Konfransda çıxış edən Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinq XXI əsrdə xüsusilə aktuallaşan miqrasiya mövzusuna hər bir ölkənin həssaslıqla yanaşmasının zəruriliyindən bəhs edib, bu konfransın səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.

Konfransda Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev çıxış edib. Xidmət rəisi bildirib ki, Azərbaycan Respublikası hələ ötən əsrin 80-ci illərinin sonlarından kütləvi miqrant axını ilə üzləşib. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində  insanlar öz vətənlərindən didərgin salınıb. Nəticədə 1 milyona yaxın qaçqın və məcburi köçkün ölkə ərazisində məskunlaşıb.

F.Nəbiyev qeyd edib ki, qaçqın və məcburi köçkünlər məcburi miqrasiyanın başlıca subyektləri kimi Azərbaycan Hökumətinin hərtərəfli diqqət və qayğısı ilə himayə edilib, ayrı-ayrı şəhər və rayonlarında onlar 90 yeni qəsəbə və hündürmərtəbəli yaşayış binaları kompleksi  tikilib istifadəyə verilib, 46 min ailə-230 min nəfərin isə mənzil məişət şəraiti yaxşılaşdırılıb.
Xidmət rəisi əlavə edib ki, hazırda, Azərbaycan Hökuməti tərəfindən bu insanların məşğulluq, təhsil, yaşayış sahəsi və tibbi, sоsial təminatı ilə əlaqədar tədbirlər mərhələli qaydada və ən başlıcası daha ağır şəraitdə yaşayan ailələrin sоsial, mənzil-məişət prоblеmlərinin həlli istiqamətində tədbirlər davam etdirilir.

F.Nəbiyev bildirib ki, ölkəmizdə bu günə qədər  miqrantlara münasibətdə milli, etnik və dini zəmində hüquq pozuntusu qeydə alınmayıb.

Dövlət Miqrasiya Xidmətinin miqrasiya sahəsində dünyanın aparıcı beynəlxalq təşkilatlarından biri olan BMqT ilə  yüksək səviyyədə olan uğurlu əməkdaşlığını bundan sonra da inkişaf etdirəcəyini deyən Xidmət rəisi Azərbaycanın miqrantların hüquqlarının müdafiəsi üzrə qarşıda duran vəzifələri uğurla yerinə yetirmək əzmində olduğunu bildirib. Konfrans öz işini oktyabrın 27-də yekunlaşdırıb.



Modern.az
   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi