Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov maraqlı bir təşəbbüslə çıxış edib. Modern.az saytı xəbər verir ki, zəngin bir kitabxanaya malik olduğunu qeyd edən komitə sədrinin müavini bildirib ki, kitabları yerləşdirmək üçün məkanı yoxdur. O, bu səbəbdən də kitabxanasındakı kitabları ucqar kənddə dərs deyən hansısa gəncə bağışlaya biləcəyini qeyd edib.
Gündüz İsmayılov:
“Həmişə yaxşı bir kitabxana yaratmaq arzum olub. İndiyədək, xüsusilə ali məktəb və aspirantura illərində xeyli kitab toplamışam. Bu gün işdə və evdə yüzlərlə, bəlkə də, minlərlə kitabım var. Onların bir qismi yaşadığım ünvanları - Pirşağını, Yasamalı, 7-ci mikrorayonu mənimlə birgə gəzib. Ümid edirdim ki, evim olduqdan sonra onlardan babat kitabxana düzəldəcəyəm. Amma artiq ümidim və səbrim qalmayıb. Mən onları ora-bura daşımaqdan, evdəkilər də onların yaratdığı darısqallıqdan bezib. Əvvəl fikirləşdim ki, kitabları bir-bir kimlərəsə hədiyyə edim. Sonra qərara gəldim ki, hamısını bir adama verim. Məncə, bu daha xeyrli olar. Çox düşündükdən sonra qərara gəlmişəm ki, kitabların hamısını müəllimlik etmək üçün ucaq kəndə getmiş bir gəncə hədiyyə edim. İxtisasıma görə kitabların böyük əksəriyyəti dinlə bağlıdır. Ona görə də Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsininin məzunları arasından ucqar kənddə dərs deyən varsa, kitabları ona verə bilərəm”-deyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini bildirib.
Qeyd edək ki, evsizlik problemindən əziyyət çəkən və əslən Laçın rayonundan olan Gündüz İsmayılov keçmiş jurnalistdir. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində işləməzdən öncə “525-ci qəzet”də jurnalist işləyib.
Modern.az