Modern.az

Saatların irəli-geri çəkilməsi insanları öldürə bilər

Saatların irəli-geri çəkilməsi insanları öldürə bilər

Təhsil

28 Oktyabr 2015, 11:05

Nazirlər Kabinetinin 1997-ci ildə verdiyi qərara əsasən, ölkədə hər il mart ayının son bazar günü əqrəblərin bir saat irəli çəkilməsi ilə yay vaxtı, oktyabr ayının son bazar günü əqrəblərin bir saat geri çəkilməsi ilə qış vaxtı tətbiq edilir. Qərarın həyata keçirilməsinə nəzarət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən icra olunur. Mütəxəssislər bir çox hallarda saat əqrəblərinin çəkilməsinin iqtisadi baxımdan mənfəətli olduğunu desələr də, insan sağlamlığına zərərlərini də istisna etmirlər. Rusiya kimi böyük dövlətin də imtina etdiyi və ölkəmizin vaz keçə bilmədiyi qaydanın Azərbaycan üçün hansı faydası var və iqtisadi baxımdan nə dərəcə mənfəətlidir?

Modern.az saytı məsələ ilə bağlı iki fərqli ekspertin rəyini öyrənib. Maraqlı burasıdır ki, hər iki ekspert eyni qənaətdədir...

Tibb elmləri doktoru, professor Adil Qeybulla yaz-payız mövsümlərində saatların əqrəbinin çəkilməsinin iqtisadi cəhətdən mənfəətli olması səbəbindən ı tətbiq edildiyi qənaətindədir:

“Bir sıra dövlətlər zaman-zaman bundan imtina etməyə başladılar. Əslində yaz və payız mövsümünə keçid iş saatının daha effektiv vaxta düşməsi, iqtisadiyyata müsbət təsirləri baxımından nəzərdə tutulub”.

Adil Qeybulla saat əqrəblərinin irəli-geri çəkilməsinin insan sağlamlığında ciddi fəsadlar törədə biləcəyini istisna etmir:

“Saatların qəfil dəyişməsi insanlarda bioritmi pozur. İnsan orqanizminin xarici mühitə adaptasiya reaksiyası mövcuddur. Məsələn, xaricə səfər zamanı həmin ölkədə saat fərqi varsa, insanın adaptasiya olması müəyyən vaxt alır. Hətta bir neçə gün özümüzə gələ bilmirik. Nisbətən yaşlı, xəstə, orqanizm resursları tükənən insanlarda adaptasiya reaksiyaları lap aşağıdır.

Uzun müddət müəyyən iş rejiminə öyrənən adam 1 saat əvvəl, yaxud 1 saat sonra yuxudan oyanmalı, işlərini buna uyğun planlaşdırmalıdır. Bu dəyişiklik insan səhhətində müəyyən neqativ izlər buraxmaya bilməz. Tam sağlam insanlarda hər hansı təsirlər hiss edilməsə də, hansısa problemi olan şəxslərdə mütləq özünü göstərir.

Hesab edirəm ki, bunun iqtisadi rentabelliyindən daha çox vətəndaşların səhhətinə neqativ təsirləri var. Həm də iqtisadiyyatı xüsusi inkişaf etməmiş bir ölkədə əqrəblərin irəli-geri çəkilməsinə lüzum görmürəm”.

İqtisadçı Natiq Cəfərli qaydanın Azərbaycanda tətbiqi zamanı bu sahədə hər hansı ciddi araşdırılma aparılmadığını deyib:

“Bu günə qədər heç bir qurum yay və payız mövsümündə saat əqrəblərinin irəli-geri çəkilməsinin hansı effekti verməsi ilə bağlı araşdırma aparmayıb. Amma Ümumdünya Səhiyyə Təşkilatı və bu kimi nüfuzlu qurumlar saat əqrəblərinin hər 6 aydan bir dəyişilməsinin təsirlərini araşdırarkən insan orqanizminə mənfi təsir etmə qabiliyyətinin olduğuna dair qənaətə gəliblər. İnsan orqanizminin saat dəyişkənliyinə uyğunlaşması ciddi zaman tələb edir, bu da psixoloji diskomfort yaradır, həmçinin əmək qabiliyyətini aşağı salır.

Mənim düşüncəmə görə, saat əqrəblərinin dəyişilməsi ölkəmiz üçün ciddi effekt vermir. Çünki Azərbaycan iqtisadiyyatına nəzər salanda enerji tutumlu istehsalın az olduğunu görürük. Bizdə ağır, əlvan metallurgiya, enerji sektoru, ağır sənaye, böyük zavod və fabriklər yoxdur ki, əqrəblərin dəyişdirilməsi burada enerjidən qənaət edilməsinə səbəb olsun”.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi