Sumqayıtın 70 il əvvəl təməlinin qoyulduğu ilk kimya müəssisəsində - “Kimyasənaye” İstehsalat Birliyində uzun illər çalışmış Əlisəttar Əliyev peşəkar iqtisadçı olmaqla yanaşı, eyni zamanda müəssisədə qeyri-adi xarakterli, “ipə-sapa yatmayan”, “çətin” adam kimi tanınıb. Yəqin bu səbəbdəndir ki, yalnız çalışdığı müəssisədə deyil, hətta kimyaçılar şəhəri Sumqayıtın hansı bir yerində “Əlisəttar” adı çəkilirsə, hər zaman üzlərdə xoş bir təbəssüm yaranır, hamı bilir ki, söhbət kimdən gedir – prinsipiallığı, bir az da sərtliyi, yeri gələndə haqsıza, mənsəbpərəstə, riyakara qarşı sözünü üzə deməsi ilə seçilən iqtisadçı-kimyaçı Əlisəttar müəllimdən! O, bəzən özü haqqında daha çox subyektiv olaraq söylənən fikirlərə məhəl qoymadan, həm də xarakterinə uyğun olaraq başını aşağı salaraq yox, dik tutaraq həmişə öz işi ilə, vəzifəsini layiqincə yerinə yetirməklə məşğul olub.
Sovetlərin dövründə müəssisə rəhbərləri adətən iqtisadçıların istehsalat üçün nə edə biləcəklərini, onların rolunu düzgün qiymətləndirməyərək və çox zaman onlardan istehsalatdakı vəziyyətlə bağlı müvafiq iqtisadi təhlil və şablon arayışlar tələb etməklə kifayətlənərək, onları “əsas fiqur” kimi görməsələr də, Əlisəttar Əliyev istehsalatın iqtisadi strukturunda dinamikliyə, çevikliyə üstünlük verərək, “baş üstə!“ deməkdən daha çox ortalığa orijinal təklif və ideyalar atmaqla “oyundan kənar”, “seyrçi” mütəxəssis olmadığını bütün 40 illik fəaliyyəti boyu hər zaman sübut etməyə çalışmış və bunu peşəkarlıqla bacarmışdır.
Təsadüfi deyil ki, iqtisadçı reputasiyasını öz səmərəli fəaliyyəti ilə daim üstün tutan Əlisəttar Əliyev Azərbaycanda çox məhdud sayda iqtisadçılardandır ki, hələ 25 il əvvəl Respublika Dövlət mükafatına layiq görülmüşdür.
Neft və kimya istehsalatlarında ilk addımlar
Doğma Hacıqabulda orta məktəbi bitirdikdən sonra Bakıya gələn gənc Əlisəttar elə həmin il Azərbaycan Neft və Kimya İnstitutunun neft və qaz sənayesinin iqtisadiyyatı və təşkili fakültəsinə qəbul olunur. O zamanlar neft və kimya sənayesi üçün güclü mütəxəssislər yetişdirdiyinə görə çox böyük nüfuz qazanmış həmin ali məktəbi hələ tam başa vurmamış - 1961-ci ildən başlayaraq Bakı neft emalı zavodunda operator vəzifəsində işləyir. İki ildən çox fəhlə kimi çalışraq, götürdüyü “praktik dərs” - iik neftçi-kimyaçı təcrübəsi onun gələcək bir mütəxəssis kimi formalaşmasında sonralar mühüm rol oynadı. Müşahidə qabiliyyəti güclü olan Əlisəttar hələ o zaman gənc iqtisadçı kimi ona xüsusi diqqət yetirmişdi ki, zavodda çalışan fəhlələr heç də asan olmayan çətin iş şəraitində öz peşə ustalıqları ilə yanaşı potensial imkanlarını da yüksək istehsalat nəticələri əldə etməyə yönəltməli olurlar. Başa düşmüşdü ki, hər bir işçi üçün onun gərgin əməyi müqabilində normal iş şəraitinin olması, kifayət qədər əmək haqqı alaraq, ailəsininin maddi tələbatını ödəyə bilməsi, sosial-məişət problemlərinin həlli də vacibdir. Çıxartdığı son nəticə belə idi ki, müdiriyyət, sex və istehsalat rəhbərləri heç vaxt öz tabeliyində olan işçilərin maddi və sosial tələbatına biganə olmamalı, hər vasitə ilə onların əməyinin dolğun ödənilməsinə çalışmalı və buna nail olmalıdır. O, bunu özü üçün də bir proqram kimi qəbul etmişdi.
Özünü fəhlə kimi sınadıqdan, fəhlə yoldaşlarının gərgin əməyi, onların işə münasibəti, düşüncələri ilə kifyət qədər tanış olduqdan sonra Əlisəttar Əliyev 1963-cü ildə öz ixtisası üzrə işlə təmin olunmaq üçün o zamankı Xalq Təsərrüfatı Şurasının Neft emalı və Kimya sənayesi İdarəsinə müraciət edir. Əlisəttarın kimyaçılar şəhərində, gənclik şəhərində işləmək arzusunu nəzərə alaraq, onu təyinatla Sumqayıt Kimya zavoduna göndərirlər. Orada o, herbisid sexinin normalaşdırıcı vəzifəsinə işə götürülür. Bacarıqlı, çalışqan olması nəzərə alınaraq, bir müddət sonra sexin iqtisadçısı vəzifəsinə təyin olunur.
“Çox ağıllı səmərələşdirmə təklifi vermisiniz, ancaq...” – Gəncliyin ilk səhvi
O zaman Sumqayıt Kimya zavodu qabaqcıl müəssisə kimi tanınaraq, istehsal etdiyi bütün kimyəvi məhsullar üzrə yüksək göstəricilər qazansa da, herbisid sexində vəziyyət ürəkaçan deyildi. Baxmayaraq ki, işçilərin sağlamlığı baxımından sex çox zərərli idi və bütün kollektiv vicdanla, gərgin çalışırdı, orada fəhlələrin maaşı digər istehsalat sahələrində olduğundan aşağı idi. Bu isə istər-istəməz kollektivin narazılığına səbəb olurdu. İqtisadi təhlil aparıb, məsələni diqqətlə araşdıran gənc iqtisadçı burda məhsulun maya dəyərinin çox baha başa gəlməsi, buna görə də sexin ziyanla işləməsi faktı qarşısında qalır. Məhz bu səbəbdən də kollektivdə orta əmək haqqı qaneedici alınmırdı. Əlisəttar bir iqtisadçı kimi çətinlik qarşısında qalmışdı. Herbisidin alınması üçün uzaq İrkutsk vilayətinin Anqarsk şəhərindən gətirilən xammalın dəyəri yüksək olduğundan, sexdə alınan məhsul da baha başa gəlir və bilavasitə sex işçilərinin əmək haqqına mənfi təsir edirdi. Ancaq vəziyyətin nercə olmasından asılı olmayaraq, herbisid kənd təsərrüfatına son dərəcə lazım idi. Odur ki, onun satış qiymətinin qaldırılmasından söhbət belə gedə bilməzdi, çünki belə olardısa, ölkədə çörəyin və digər ərzaq məhsullarının qiymətini artırmaq məcburiyyəti yaranardı ki, bu da sosial partlayışa səbəb olardı. Odur ki, yalnız bir çıxış yolu qalırdı – herbisidin maya dəyərini aşağı salmaq. Bunun üçün isə gətirilən xammallar ucuz olmalı idi.
Ancaq fakt bu idi ki, əsas xammallardan biri - müdafiə sənayesi nazirliyinin ehtiyacı üçün istehsal edilən raket yanacağının (trietilaminin) istehsalında aralıq məhsul kimi alınan di-etilamin İrkutskdan baha qiymətə - 2200 manata gəlib çıxırdı. Bu səbəbdən də herbisidin maya dəyəri məhsulun satış qiymətindən yüksək alınırdı.
Gənc iqtisadçının hesablamalarına görə, yaranmış ağır vəziyyətdən çıxmaq üçün necə olursa-olsun, herbisidin maya dəyərinin 30-40 % aşağı salmaq lazım idi. O, özünün araşdırmalarından belə nəticəyə gəlmişdi ki, dietilamin xammalının əvəzinə ondan xeyli ucuz - ən azı 4 dəfə aşağı qiymətə başa gələn di-metilamindən istifadə edilməsi istehsalatın səmərəliliyini xeyli artırardı. Lakin adi şəraitdə qaz halında olan di-metalimin partlayıcı xassəyə malik olduğundan xammal kimi ondan istifadə etmək olduqca təhlükəli, riskli idi. Məhz bu səbəbi əsas gətirərək, istehsalat rəhbərliyi və zavodun o zaman əsasən digər millətlərdən olan texniki rəhbərliyi 26 yaşlı gənc iqtisadçının təklifini qəbul etmədilər.
Lakin Əlisəttar inadından dönmək fikrində deyildi. Nə yollasa di-etilamini başqa xammalla əvəz etmək lazım idi. Məsələ bilavasitə texnologiya ilə bağlı olduğundan, o, həmin ərəfədə istehsalatın texnoloqu vəzifəsinə yenicə təyin olunmuş Nurəddin Babayevlə (o, sonralar uzun müddət “Üzvi sintez” zavodunun direktoru olmuşdu) məsləhətləşməli olur və onlar birlikdə çıxış yolu axtarmağa çalışırlar. Yenə də partlayıcı di-metalimin üzərində dayanaraq, onlar qərara gəlirlər ki, texnoloji prosesdə partlayış təhlükəsi yaratmaması üçün həmin kimyəvi maddə prosesə qaz halında yox, məhlul halında daxil edilsin. Bunun üçün isə texnoloji rejimdə də müəyyən yenilik etmək lazım gəlirdi. Anqarskdakı istehsalçı müəssisənin di-metilamini 40%-li su məhlulu formasında göndərməsi barədə razılıq əldə etdikdən sonra Əlisəttar Əliyevin və Nurəddin Babayevin təklifi sınaqdan keçirildi və bu böyük uğurla nəticələndi. Prosesin mənimsənilməsi müvəffəqiyyətlə başa çatdıqdan sonra keyfiyyəti saxlanılmaqla herbisid yeni rejimlə istehsal olunmağa başladı. Nəticə gözlənildiyindən də yüksək oldu - xammalın yenisi ilə əvəz edilməsi nəticəsində istehsalat daha ziyanla yox, gəlirlə işləməyə başladı. Yeniliyin illik iqtisadi səmərəsi o vaxtın pulu ilə 3 milyon manatdan da çox (4 milyon dollar!) idi. Gənc mühəndislərin sevinclərinin həddi-hüdudu yox idi. Zavodda hamı onları təbrik edirdi, hətta bir-neçə ay əvvəl Əlisəttara “olmaz, təklif yaramır” deyənlər də. Yalnız bir nəfər – o vaxtlar müəssisənin səmrələşdirmə və ixtiralar üzrə mühəndisi olan Musya Solomonova gəncləri danlayaraq, onları məyus etmişdi: “Çox ağıllı səmərələşdirmə təklifi vermisiniz, ancaq... sonacan ağıllı olmaq lazım idi”.
Sən demə, onlar öz ideyalarını əvvəlcədən BRİZ-ə (səmərələşdirmə bürosuna) yazılı şəkildə təqdim etsəydilər, səmərələşdirmə təklifi kimi ən azı 5000 manat mükafat ala bilərdilər. O zaman belə məntiqsiz bir qayda var imiş ki, yeni texniki təklifi onu həyata keçirdikdən sonra yox, əvvəlcədən sənədləşdirmək lazım idi. Əlbəttə, Əlisəttargil o məbləğdə pulu itirdiklərinə görə məyus olsalar da, onunla təsəlli tapdılar ki, müəssisə üçün çox ciddi, böyük bir problemin həllinə nail omuşdular – sex bundan sonra böyük gəlirlə işləyəcəkdi, onlar da bütün kollektivlə birgə həm yüksək maaş, həm də yaxşı mükafat ala biləcəkdilər.
Yeni vəzifələr, köhnə və yeni problemlər
1965-ci ilə qədər Azərbaycanda, bütün ölkədə olduğu kimi, sənayenin idarə olunması Xalq Təsərrüfat Şurası tərəfindən həyata keçirilirdi. Lakin müəssisələrin həcmi böyüdükcə və tərkibi mürəkkəbləşdikcə yerli idarəetmə orqanları bütün məsələləri həll etməkdə çətinlik çəkirdi. Bu daha çox spesifik xüsusiyyətə, olduqca çoxsahəli istehsalatlara, mürəkkəb texnologiyalara malik kimya sənayesində daha aydın hiss edilirdi. Həmin dövrdə güclü iqtisadçı və təşkilatçı olan A.Kosiginin SSRİ hökümətinə başçılıq etməsi iqtisadiyyatın idarə olunmasında islahatların həyata keçirilməsinə səbəb oldu.
1966-cı ildən tətbiq edilməyə başlanan yeni planlaşdırma və maddi həvəsləndirmə sistemi, həmçinin ərazi idarəetmədən sahə idarəetmə metoduna keçilməsi bir sıra sənaye müəssisələrində, o cümlədən Sumqayıt Kimya zavodunda canlanma yaratmışdı. Müəssisə SSRİ-də kaustik soda və xlor, bitkiləri qoruyan kimyəvi maddələr, səthi aktiv maddələr, karboksimetlsellüloza, sintetik yuyucu maddələr və digər məhsullar istehsal edən böyük kimya kombinatına çevrilmişdi.
Məhz belə bir dövrdə Əlisəttarın istehsalata, onun səmərəliliyinin artırılmasına olan diqqət və marağını nəzərə alan zavod rəhbərliyi 1966-cı ildə ona – 28 yaşlı gənc iqtisadçıya böyük inam və etimad göstərərək, Sumqayıt Kimya zavodu kimi iri bir müəssisənin iqtisadi təhlil laboratoriyasına rəhbərlik etməyi tapşırır. 1969-cu ildə maliyyə şöbəsinin, bir il sonra plan şöbəsinin rəisi təyin edilən Əlisəttar 1971-ci ildə - 33 yaşında respublikada yeni yaradılmış, bir-neçə müəssisəni özündə birləşdirən “Sumqayıtkimyasənaye” İstehsalat Brliyinin plan-iqtisad şöbəsinin rəisi kimi daha ciddi iqtisadi məsələlərlə məşğul olmağa başlayır.
Müəssisə iqtisadiyyatının düzgün, daha səmərəli təşkilinə nail olmaq üçün o, ilk növbədə Birliyin tərkibində olan müəssisələrin istehsalat sahələrinin problemləri ilə yerindəcə tanış olur. Ttexnoloq olmasa da, özünün şəxsi araşdırmaları, bu və ya digər məsələdə düzgün qərar qəbul edə bilməsi üçün hətta lazım gəldikdə hansısa bir istehsalatın texnologiyasını da diqqətlə öyrənirdi. İlk vaxtlar onun diqqətini çəkən isə mühüm istehsalat sahələrində çalışan fəhlələrin maaşlarının kifayət qədər yüksək olmaması idi. O vaxta qədər zavodun bir sıra sexlərində çalışan əsas fəhlələrin qazancı köməkçi fəhlələrin (məsələn - təmir briqadalarının) qazancından aşağı olurdu. Əlisəttar Əliyev elə iqtisadi variantlar, maddi stimullar tətbiq edilməsinə nail oldu ki, əsas sahələrdə çalışan fəhlələrin əmək haqqları kifayət qədər yüksəldildi. Bu isə nəticə etibarilə istehsalatda əmək məhsuldarlığının yüksəldilməsinə, məhsul istehsalının artmasına səbəb oldu.
O günləri xatırlayan Əlisəttar müəllim deyir:
- Təəssüf ki, bizim Kimya zavodunun başqa müəssisələrə nisbətən uğurla işləməsi özümüzə baha başa gəldi. 1970-cı ildə zavodun balans mənfəəti 22 milyon rubl olduğu bir vaxtda qonşu Superfosfat zavodu ziyanlı işləyirdi və onun bizim sulfanol istehsalatını tələb olunan miqdarda xammalla təmin edə bilməməsi Kimya zavodu rəhbərliyinin haqlı narazılığına və bu barədə Moskvaya şikayətinə səbəb olurdu. Lakin SSRİ Kimya Sənayesi Nazirliyində belə bir yanlış fikrə düşdülər ki, bu zavodlar birləşdirilsə, Kimya zavodunun texniki və maliyə imkanları sayəsində Superfosfat zavodunun da fəaliyyətini tezliklə nizama salmaq olar. Ancaq Kimya zavodunun maliyyə imkanları həmin müəssisənmin borclarına sərf olunsa da, müsbət nəticə əldə edilmədi. Həmin dövrdə Sumqayıt Kimya kombinatı də ildə təxminən 30 milyon manat ziyanla işləyirdi. Belə olduqda 1971-ci ilin sonlarında SSRİ Kimya Sənayesi Nazirliyi Sumqayıtdakı kimya müəssisələrinin hamısını birləşdirib “Sumqayıtkimyasənaye” İstehsalat Birliyini təsis etdi. Məhz həmin Birliyin fəaliyyət göstərdiyi 8 il ərzində bütün kimya müəssisələri xeyli inkişaf etdi - yeni istehsalat sahələri istifadəyə verildi, kimya məhsullarının buraxılışıı dəfələrlə artdı, texniki-iqtisadi göstəricilər xeyli yüksəldi. Təsadüfi deyildi ki, 1980-90-ci illərdə «Kimyasənaye» İB respublikada ən yüksək texniki-iqtisadi göstəricilərə malik bir müəssisə kimi tanınırdı. Birliyin rentabelliyi maya dəyəri üzrə 30-35, istehsalat fondları üzrə isə 20-25 faizə çatdırılmışdı.
Bu nailiyyətlərin nəticəsi olaraq o zamanlar «Sumqayıtkimyasənaye» İB-nin yüksək reytinqi kimya sənayesində çalışmış hər bir kimyaçının, o cümlədən Əlisəttar Əliyev kimi sənətini sevən, onu peşəkarcasına yüksək səviyyədə bilən mütəxəssislərin sayəsində mümkün olmuşdur.
Erməni nazirin qəsdən ləğv etmək istədiyi istehcalat...
…1979-cu ildə Birliyin sulfanol istehsalatında texnoloji avadanlığın texniki vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, ciddi fiziki aşınmaya məruz qaldığını görən o zamankı SSRİ kimya sənayesi naziri, əslən erməni olan Kostandov istehsalatı dayandırmaq, birdəfəlik bağlamaq qərarına gəlir. Lakin müəssisənin baş direktoru Əliş Mustafayev belə bir gözlənilməz qərarı qəbul etməyərək, istehsalatı ləğv etməkdənsə onun yenidən qurulmasını, müəyyən texniki tədbirlər kompleksini həyata keçirməyi təklif edir. Bununla razılaşmaq istəməyən İttifaq naziri ümidsizliyini gizlətməyərək, vəziyyətin diqqətlə araşdırılmasını, dəqiq hesablamalar aparmaqla yenidənqurma işlərinin nə qədər maliyyə vəsaiti və vaxt tələb etdiyini müəyyənləşdirməyi tapşırır. Bununla belə bildirir ki, hər hansı bir rekonstruksiya üçün nazirliyin kifayət qədər vəsaiti yoxdur, “bizə bel bağlamayın”.
Böyük bir istehsalatın, eyni zamanda yüzlərlə kimayçının taleyinin asılı olduğu bu məsul işin yerinə yetirilməsi zavodun yüksək ixtisaslı, təcrübəli mütəxəssislərinin və Əlisəttar Əliyevin bilavasitə iştirakı ilə, bütün lazımi hesablamalar aparılmaqla qısa bir vaxtda başa çatdırılır. Üç ay müddətində həyata keçirilməsi nəzərdə tutulan rekonstruksiya işlərinin yerinə yetirilməsi üçün cəlb ediləcək qüvvələr və maddi-texniki təcjhizat məsələləri ilə bağlı bütün materiallar göstərilməklə əsaslandırılmış geniş bir siyahı az bir müddət ərzində nazirliyə təqdim edilir. Texniki sənədlər nazirlikdə diqqətlə araşdırıldıqdan sonra görüləcək tədbirlərin icrası üçün… 6 ay müddət müəyyənləşdirilir.
Maraqlıdır ki, bütün tədbirlər kompleksinin həyata keçirilməsi üçün lazım olan, o dövr üçün olduqca yüksək məbləğ sayılan 5 milyon manata qədər maliyyə vəsaiti bilavasitə müəssisə tərəfindən ödənilməli idi, çünki Kostandovun rəhbərlik etdiyi nazirlikdən bir daha bildirilmişdi ki, həmin vəsaiti ödəməyə İttifaq nazirliyinin yaxın illər üçün guya heç bir maliyyə imkanı yoxdur.
Yalnız Əlisəttar müəllimin iqtisadiyyat məsələlərini, maliyyə sisteminin «labirintli» qanun-qaydalarını dərindən və bütün incəliklərinə qədər bilməsi, qanun daxilində «maliyyə manevrləri» etmək bacarığı sayəsində lazım olan vəsait müəssisənin öz daxili imkanları hesabına «tapıldı» və təmin edildi.
Maliyyə vəsaitinin vaxtında əldə edilməsi və müəssisə kollektivinin əzmkarlığı sayəsində istehsalatda rekonstruksiya işləri nazirliyin nəzərdə tutduğu 6 ay əvəzinə cəmi 3 aya başa çatdırıldı. İttifaq nazirinin bir-neçə ay öncə yararsız hesab edərək, bağlatdırmaq istədiyi istehsalatın gücü də görülmüş rekonstruksiya tədbirləri sayəsində 60 min tondan 80 min tona çatdırıldı, eyni zamanda məhsulun keyfiyyəti də xeyli yüksəldi. Layihənin mənimsənilməsinin iqtisadi səmərəsi illik olaraq 6 milyon manatdan da çox oldu, kapital qoyuluşunun özünüödəmə müddəti isə cəmi 8 ay təşkil etdi.
Məhz sulfanol istehsalatında böyük uğurla başa çatdırılmış həmin rekonstruksiya işlərinə görə müəssisənin bir çox qabaqcıl əmək adamları yüksək mükafatlara, bir sıra texniki-istehsalat rəhbərləri, o cümlədən Əlisəttar Əliyev elə həmin il Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görüldülər.
***
Əlisəttar Əliyevin «Planlaşdırma xalq təsərrüfatının idarə edilməsində ən mühüm vasitədir» şüarının aktual olduğu 1960-70-cı illərdən başlayaraq 1990-cı ilə qədər - Azərbaycanda kimya və neft-kimya sənayesinin coşqun inkişaf etdiyi dövrdə və sonralar iqtisadiyyat, idarəetmə və xarici iqtisadi əlaqələr üzrə baş direktorun müavini vəzifələrini icra etdiyi illərdə də müəssisənin inkişafının əsas proqramlarının tərtib edilməsi, bu proqramların müvafiq sahələr üzrə və sahələrarası inkişafla uyğunlaşdırılması sahəsində apardığı işlər son nəticədə yüksək iqtisadi səmərə vermişdir.
Eyni istehsalat müəssisəsində 40 ilə yaxın çalışaraq, onun iqtisadiyyatının və maliyyə sisteminin daha da təkmilləşdirilməsi, yaxşılaşdırılması, uğurlu inkişaf xəttinə çıxarılması sahəsində mühüm xidmətləri olmuş Əlisəttar Əliyev artıq təqaüddə olsa da, bu gün də qəlbən bugünlərədə Sumqayıtın 70 illiyi qeyd olunan neft-kimya sənayesi ilə bağlıdır. O, vaxtaşırı dəyərli təkliflər irəli sürməklə kimya sənayesinin bugunu və perspektivi ilə bağlı respublika mətbuatında və televiziyada maraqlı məqalələrlə çıxışlar edir.
Rəhman ORXAN
Osman Mirzəyev adına
Respublika mükafatı laureatı
e-mail: [email protected]