Ölkədə keçiriləcək parlament seçkilərinə bir həftədən də az vaxt qalır. Lakin Müsavat Partiyası və REAL Hərəkatının seçkidən imtina edəcəyi barədə fikirlər var.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Modern.az saytına açıqlamasında konkret məsələ ilə bağlı təcili toplantı keçirəcəklərini deyib.“Müsavat Partiyası Divanının bu gün növbədənkənar yığıncağı keçiriləcək. Həmin yığıncaqda seçkilərlə bağlı məsələ müzakirə olunacaq və qərar veriləcək.
Bu gün saat 2-də də Müsavat Partiyası qərargahında mətbuat konfransı keçiriləcək. Daha ətraflı məlumat almaq istəyənlər buyurub gəlib iştirak edə bilərlər. Bütün suallara orda cavab veriləcək”. REAL Hərəkatının icra katibi Natiq Cəfərli isə seçkilərdə iştirak etməkdən imtina etmədiklərini deyib.
“Sadəcə, seçkilərə siyasi qiymət vermişik. Ölkədə seçki mühitinin olmadığını, rəqabət üçün heç bir şəraitin yaradılmadığını, regionlarda və televiziyalarda çıxışlara qadağa qoyulduğunu, bununla bağlı heç bir qərar verilmədiyini, seçkilərin insanlar tərəfindən inamsızlıqla qarşılandığını əsas gətirərək öncədən seçkilərin nəticələrini siyasi hərəkat olaraq tanımadığımızı elan edirik.
Hökumətə də təklif edirik ki, bir çox qanunvericilik aktlarına dəyişiklik edilərək gələn il yəni, 2016-cı ildə normal, demokratik növbədənkənar seçkilər keçirilsin.
Bu ölkədə abu-havanın yumşalmasında, siyasi və iqtisadi islahatlara təkan verməsində çox önəmli rol oynayacaq.
Çünki ölkənin milli barışığa, milli paltformaya ehtiyacı var. Normal keçirilən seçkilər cəmiyyətin hər bir kəsimini parlamentdə təmsilçiliyinin əldə edilməsinə səbəb olacaq ki, bu da ölkənin dayanıqlı inkişafı üçün çox vacibdir. Bütün bunları nəzərə alaraq dünən hökumətə müraciət ünvanlamışıq”
Namidə BİNGÖL