“Torpağı canından çox sevirdi”
Noyabrın 2-də tanınmış şair-publisist Məmməd Aslanın dünyasını dəyişməsinin 40-cı günü tamam olur. Modern.az saytı mərhum şairin xatirəsini yad etmək üçün onun yaxın dostlarından bu dəfə xalq artisti, tarzən Ramiz Quliyevə müraciət edib. Professor məmnuniyyətlə bu barədə danışmaq istəsə də, söhbətin əvvəlində kövrələrək telefonda danışa bilmədiyini dedi:
“Bu saat tədbirdəyəm, amma Məmməd Aslan haqqında mütləq danışmalıyam. Çox yaxın dost olmuşuq. İnanın, mənim üçün çox ağır bir itki oldu. O, elə-belə şair deyildi. Torpağı canından da çox sevirdi. Ümumiyyətlə, torpağın üstündə nə var idisə hamısının vurğunu idi. Xüsusən də gül-çiçəyi dəli kimi sevərdi. Onun yoxluğu ilə heç cür barışa bilmirəm.
Çox yerlərə bərabər getmişik, çox yerlərdə təbiət qoynunda olmuşuq. Bizim xalq yaxşı olan heç nəyi və heç kimi unutmur. Mən inanıram ki, Məmməd Aslana bundan da çox dəyər veriləcək. Bir şəxsiyyətə dəyər verilib-verilməyəcəyini gələcək göstərir. Məmməd Aslana, təbii ki, indi də dəyər verilir, amma bu gələcəkdə daha da çoxalacaq. Məmməd Aslanın yoxluğu hiss olunduqca, onun dəyəri də artacaq. Eşitdim ki, Türkiyədə onun adına keçə veriləcək. İnanın, Məmməd Aslan buna çox layiqdir. O, Azərbaycanla yanaşı, türk dünyasının da böyük şairidir”.
Xalq artisti mərhum şairlə son görüşündən də danışıb: “Axırıncı günlərində telefonla danışdıq. Dedi ki, mənə niyə baş çəkmirsən, niyə məni yada salmırsan? Dedi, istəyirəm ki, həm sənin, həm də mizrabının səsini eşidim. Ondan sonra görüşdük...”
Elmin NURİ