Modern.az

Dünyanın ən böyük Ultrasüzgəcli Sutəmizləyici Qurğusu Azərbaycanda

 Dünyanın ən böyük Ultrasüzgəcli Sutəmizləyici Qurğusu Azərbaycanda

29 Oktyabr 2015, 04:24

Bu gün şəhərimizin həyatında çox əlamətdar və tarixi bir gündür. Biz Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışını qeyd edirik. Bu, doğrudan da böyük və tarixi hadisədir. Bundan sonra Bakı şəhərinin, Abşeron rayonunun sakinlərinə veriləcək su Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verəcək.  

Modern.az bildirir ki, , bu sözləri Prezident İlham Əliyev Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışında bildirib.

İlham Əliyevin çıxışını təqdim edirik:  

Mən xatırlayıram ki, dörd il bundan əvvəl biz burada bu kompleksin təməl daşını qoyduq. Şadam ki, artıq bu nəhəng infrastruktur obyekti istismara verilir.

Bu sutəmizləyici qurğular kompleksi dünyanın ən böyük təmizləyici infrastruktur obyektidir. Biz fəxr edirik ki, bu, Azərbaycanda, Bakıda yaradılıb. Bu kompleksin tikintisi üçün böyük həcmdə dövlət vəsaiti ayrılıb. Əlbəttə ki, bu günə qədər infrastruktur layihələrinin icrası da bu kompleksin işinə öz dəstəyini verir. İlk növbədə, Taxtakörpü su anbarı, Taxtakörpü-Ceyranbatan su kəmərinin tikintisi bu kompleksin fəaliyyətinə, əlbəttə ki, çox müsbət təsir göstərir.  

Burada ən müasir texnologiyalar tətbiq olunur. Dünyanın aparıcı şirkətləri burada öz təcrübəsini bizimlə bölüşüblər. Kompleksin istismarı işində də əminəm ki, heç bir problem olmayacaq və beləliklə, biz bu böyük sosial layihəni artıq başa çatdırırıq.   

Ümumiyyətlə, Azərbaycanda infrastruktur layihələrinin icrası prioritet məsələdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının əsas məqsədi də Bakıda və bütün bölgələrdə müasir infrastrukturun yaradılmasıdır. Bu istiqamətdə son illər ərzində çox böyük işlər görülmüşdür. Demək olar ki, elektrik enerjisi ilə bağlı bütün problemlər öz həllini tapmışdır. Biz əvvəlki illərdə xaricdən elektrik enerjisi alırdıqsa, bu gün nəinki öz tələbatımızı ödəyirik, eyni zamanda, xaricə də ixrac edirik. Vaxt var idi ki, biz qaz idxalı ilə məşğul idik, bizə qaz çatmırdı. Hazırda görülən işlər nəticəsində Azərbaycan nəinki regionda, dünyada qaz ixrac edən ölkəyə çevrilir. Biz bütün bunları son illər ərzində əldə etmişik. Kənd yollarının tikintisi, sosial infrastrukturun yaradılması həm Bakıda, həm bölgələrdə geniş vüsət almışdır.  

Bu infrastruktur layihələrinin içində, əlbəttə ki, içməli su layihələri xüsusi əhəmiyyət daşıyır. Çünki içməli su insanların həyatına birbaşa təsir edən amildir. Şadam ki, bu gün Bakıda və bütün bölgələrdə içməli su layihələri icra edilir. Biz artıq bir çox şəhərlərimizdə mənim iştirakımla bu layihələrin açılışlarını etmişik. Hələ ki bəzi rayonlarda işlər davam edir və qarşıya məqsəd qoyulmuşdur ki, Azərbaycanın bütün şəhərlərində təmiz içməli su fasiləsiz və bütün əhaliyə verilsin.

  Biz bu məqsədə çatmaq üçün artıq çox önəmli addımlar atırıq. Bununla bərabər, hər il mənim Sərəncamımla Prezidentin ehtiyat fondundan vəsait ayrılır və ən azı 300 subartezian quyusunun qazılması təmin edilir. Çaylar boyu yerləşən kəndlərdə modul tipli təmizləyici qurğular quraşdırılır. Yəni, biz bu məsələlərə kompleks şəkildə yanaşırıq və əlbəttə ki, burada əsas rolu “Azərsu” icra edir. Şadam ki, son illər ərzində bu sahədə görülən işlər əhali tərəfindən də yüksək qiymətləndirilir. Eyni zamanda, biz görürük ki, məsələlər öz həllini tapmaqdadır.  

Əsrlər boyu Azərbaycan və xüsusilə Bakı şəhəri içməli su problemi ilə üz-üzə qalmışdır. Bunun təbii səbəbləri vardır. Əlbəttə, sovet dövründə böyük işlər görülmüşdür, Kür su kəməri çəkilmişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə böyük infrastruktur layihələri icra edilmişdir. Ancaq müstəqillik illərinin ağır şəraiti, xüsusilə 90-cı illərin əvvəllərində yaranmış çox ağır sosial, iqtisadi və siyasi vəziyyət imkan vermirdi ki, biz müasir texnologiyaları Azərbaycana cəlb edək.  

Bu məqsədlə çox böyük işlər görülmüşdür. Bəzi layihələr xaricdən götürülmüş kreditlər hesabına icra edilmişdir. Ancaq iqtisadi gücümüz artdıqca biz bu vəsaiti, ilk növbədə, insanları ən çox narahat edən problemlərin həllinə yönəldə bilmişik və bu gün belə gözəl, nəhəng qurğuların istismara verilməsini qeyd edirik. Bir daha demək istəyirəm ki, bu kompleksdə ən müasir texnologiyalar tətbiq edilir, dünyanın ən böyük sutəmizləyici kompleksidir və Bakı şəhərinin, Abşeron rayonunun sakinlərinə xidmət edəcək. Bax, bu gün xəritədəki mənzərə onu göstərir ki, uzun illər içməli sudan korluq çəkən Bakı qəsəbələri bundan sonra bu təmiz suyu alacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu, Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli sudur.  

Əlbəttə, Bakı şəhərinin su təsərrüfatı daha da sürətlə yeniləşməlidir. Şəbəkə sistemi hələ ki, bizim standartlarımıza tam uyğun deyil. Ancaq bu istiqamətdə də işlər aparılır və əlbəttə, biz hamımız istəyirik ki, tezliklə bütün şəhərimizdə hər bir vətəndaş kranı açıb oradan suyu birbaşa içə bilsin. Artıq biz buna yaxınlaşırıq və bu qurğunun xüsusi əhəmiyyəti ondan ibarətdir ki, bizə bu imkanı yaradacaq.  


 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi