Bu gün Bakı şəhərində müəllimlər imtahan verir. Modern.az xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin əsas tədris binasında Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil məktəblərində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri diaqnostik qiymətləndirmədən keçirlər. İmtahan 09.00-dan başlanıb və 17.00-dək davam edəcək. Müəllimlərin diaqnostik qiymətləndirilməsi oktyabrın 30-u və 31-də də davam edəcək.
Ümumilikdə, imtahana cəlb edilməsi planlaşdırılan kontingentin sayı 2500-ə yaxındır. Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində çalışan və müxtəlif səbəblərdən əvvəlki qiymətləndirmədə iştirak etməyən, həmçinin nazirliyin cari ildə mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq, Bakı şəhəri ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılır.
Aytən ZƏHRA