122 saylı Xankəndi seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə namizəd Flora Qasımova ilə müsahibəni təqdim edirik.
Flora xanım Qarabağın ictimai-siaysi həyatında fəal içtirak etmiş ziyalılardan biri kimi tanınır. Qədim Xankəndi şəhərində doğulub, Azərbaycan Pedaqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Uzun müddət pedaqoji fəaliyyətlə məşğul olan, Flora xanım Qasımova Respublikanın ictimai-siyasi həyatında da çox dəyərli fəaliyyəti ilə fərqlənərək hər zaman cəmiyyətin inkişafına, insanların maddi-mənəvi rifahının yaxşılaşmasına səbəb olan təşəbbüs və əməllər sahibidir. Azərbaycanımızın milli-mənəvi dəyərlərini qorumaq və onu gələcək nəsillərə ötürmək yolunda da Flora xanım istər pedaqoji fəaliyyət illərində, istərsə də millət vəkili olduğu dövürdə əzmkarlıqla çalışıb vətəndaşlarımıza diqqət və qayğısı ilə seçilib. 2010-cu ildə 122 saylı Xankəndi seçki dairəsindən millət vəkili seçilib. Deputatlıq müddətində seçicilərinə verdiyi öhdəlikləri maksimum səviyədə yerinə yetirməyə səy göstərib...
Bu günlərdə Flora xanımla seçki öncəsi görüşüb bəzi suallarımıza cavab almaq istədik.
- Flora xanım, dövlət və hökumətimizin yeritdiyi uğurlu siyasəti daha çox hansı keyfiyyətlərlə səciyyələndirmək olar?
- Müstəqil Azərbaycanın dövlət başçısı, cənab İlham Əliyevin rəhbərliyi ilə sivil dünyaya inteqrasiya, demokratik dövlət quruculuğu, ərazi bütövlüyümüzün bərpa edilməsi, əhalinin maddi rifah halının yaxşılaşdırılması, bəşəri və milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətlərin qovuşması, tolerantlığın möhkəmlənməsi istiqamətində inamlı addımlar atır. Bütün bu addımların daha səmərəli olması və uğurlu nəticələr verməsi hər birimizdən əsl vətəndaş mövqeyi və vətəndaş qətiyyəti tələb edir.
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində siyasəti, dövlət başçısı cənab İlham Əliyev tərəfindən ölkənin prioritet problemi kimi uğurla davam etdirilir və daim diqqət mərkəzində saxlanılır.
Ölkəmizdə çox yüksək səviyyədə demokratik bir abu-hava var. O cümlədən, qarşıdan gələn Milli Məclisə vəkillərin seçilməsi prosesi də şəffaf bir mühitdə keçiriləcək, insanlar istədikləri namizədi heç bir siyasi, mənəvi basqıya, təzyiqə məruz qalmadan seçə biləcəklər. Məncə, bu, tərəqqi yolunda addımlayan ölkəmizin ən böyük naliyyətlərindəndir. Müstəqil dövlətin ilk növbədə azad və demokratik dəyərləri, düşüncəsi, ruhu, nəfəsi olmalıdır. Əgər bunlar varsa, ölkə, respublika, dövlət artıq sivil bir cəmiyyətə sahiblənir.
Namizədi olduğum Xankəndi seçki dairəsinə gəlincə, bu seçki dairəsi məhz möhtərəm İlham Əliyevin təşəbbüsü ilə 2005-ci ildə yaradılmışdır. Son 10 ildə qaçqınların və məcburi köçkünlərin Sosial müdafiəsi ilə bağlı dövlət başçısı tərəfindən xeyli sayda fərman və sərəncamlar imzalanıb, Milli Məclisdə qanunlar qəbul edilmişdir.
Mən 2010-2015-ci illərdə 122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisin deputatı seçilmişəm. Doğma yurdu, eyni taleyi yaşadığım həmvətənlərimi təmsil etmək çox böyük şərəf və çox ciddi məsuliyyətdir. Xankəndliləri təmsil etdiyim ötən 5 ildə bu şərəfi və məsuliyyəti hər addımda hiss etməklə yanaşı, mənə göstərilən etimadı doğrultmağa çalışmışam.
Bir millət vəkili kimi, respublikamızın 32 bölgəsinə səpələnmiş seçicilərimlə müntəzəm görüşlər keçirmiş, onların cəmiyyətə inteqrasiyası, mənzil təminatı və yaşayış təminatının yaxşılaşdırılmasına çalışmaq, dövlət strukturları ilə sıx əməkdaşlıq nəticəsində daha çox ehtiyacı olan məcburi köçkünlərin evlə təmin olunmasını həyata keçirə bilmişəm.
- Flora xanım, siz Milli Məclisin üzvü kimi təmsil etdiyiniz insanlara aid olan qanunların və digər dövlət sənədlərinin qəbul edilməsində də yaxından iştirak etmisiniz. Məncə, fəaliyyətinizin əsas tərkib hissəsi məhz bu işlərlə bağlıdır.
- Doğru deyirsiniz, bu istiqamətdə 5 illik deputat fəaliyyətim dövründə səmərəsi olan bir çox işləri həyata keçirməyə çalışmışam, o cümlədən gənclərin dövlət və vətəndaş cəmiyyəti quruculuğunda iştirakını genişləndirmək, onların maariflənməsi, asudə vaxtlarının təşkili istiqamətində bir sıra işlərin gerçəkləşməsinə nail olmuşam.
Milli məclisdə Xankəndliləri təmsil etdiyim dövrdə dövlət strukturları və əlaqədar təşkilatlar qarşısında təşəbbüs qaldırmış, möhtərəm prezidentimiz cənab İlham Əliyevin dəstəyi ilə N.Gəncəvi adına 4 saylı Xankəndi şəhər tam orta məktəbi üçün yeni bina tikilmişdir.
- Xankəndi poçt şöbəsi, “Xankəndi.az” saytı, “Xankəndi” məcburi köçkünlərə dəstək ictimai birliyi də, bildiyimə görə, sizin təşəbbüsünüz və köməyiniz vasitəsilə yaradılmışdır.
- Bu birliyin xətti ilə Xankəndi şəhəri və xankəndililər haqqında bir sıra layihələr həyata keçirilmiş, arxiv materialları əsasında iki hissəli “Xankəndi” sənədli filmi çəkilmişdir. Mən istəyirəm ki, növbəti dəfə millət vəkili seçilsəm, vətəndaşların qayğı və problemlərinin həll olunması istiqamətində daha da əzmlə səy göstərim, cəmiyyət qarşısındakı xidmətlərim daha böyük vüsət alsın. Bilirsiniz ki, torpaqlarımız işğal olunana qədər 55 min əhalisi olan Xankəndinin ictimai-siyasi həyatında, azərbaycanlı övladların təhsil almasında fəal iştirak etmişəm, müharibənin ən ağır zərbələri mənim də taleyimdən yan keçməyib. Odur ki, mən bu torpaq uğrunda canını əsirgəməyən qəhrəman insanların yaxınlarının və əzizlərinin hansı hisslər yaşadığını çox yaxşı duyuram. Buna görə də Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərimizin hər birinin qayğı və problemlərinin həllində yaxından iştirak etmək üçün onları ali qanunverici orqanda təmsil etmək istəyirəm.
- Doğulduğun torpağın, məkanın camaatının, el- obasının etimadını parlamentdə təmsil etmək sizcə, necə bir hissdir?
- Əlbəttə ki, bu şərəfli bir missiyadır. Nəinki doğulduğun torpağın adamları ola, ümumiyyətlə sənə ümid kimi baxan insanların etimadını doğrultmaq, onlara dayaq durmaq özünü dərk edən hər bir insan üçün mənəvi səadətə qovuşmağa bərabərdir. Odur ki, öz bilik, bacarıq və təcrübəmi Qarabağımızın, xankəndlilərin dərdlərini, təhsil sahəsində çalışanların, müəllimlərin, səhiyyə və mədəniyyət işçilərinin əmək haqlarının artırılması, yeni iş yerlərinin açılması kimi komleks məsələlərin həllinə yönəltməklə zəfər sədalarını daha da yaxınlaşdırmaq üçün səylərimi birləşdirmək istəmişəm.
- Flora xanım, əlbəttə ki, insanların sizə etimadı böyükdür. Necə deyərlər, siz artıq sınaqlardan uğurla çıxmısınız. Dövlətimizə, hökumətimizə və cəmiyyətimizə sədaqət nümunəsi kimi tanınırsınız. Ona görə də Azərbaycan ərazilərinin azad edilməsi, insanlarımızın tarixi torpaqlarına qayıtması yolunda sizin fədakarlığınız hər kəsi çox sevindirir. 2010-cu ildə sizə səs verən, deputatlığınızı dəstəkləyən insanların etibarını qazanmısınız və onlar yenə də sizə güvənirlər.
- Mənə etimad göstərib millət vəkili seçəcəkləri təqdirdə gələcək beş il ərzində də qarşıya qoyduğum hər bir məsələnin həllinə nail olmaq üçün var qüvvəmlə çalışacağam.
- Milli Məclisə üzv seçiləcəyim halda mənim başlıca məramım Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsi istiqamətində cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətdə yaxından iştirak etmək; 32 bölgəyə səpələnmiş 10 mindən yuxarı Xankəndi əhalisinin bir yerə cəmlənməsi və bunlar arasında əlaqələrin, torpağa bağlılıq hissinin möhkəmləndirilməsi, bu insanların problemlərinin operativ sürətdə bir mərkəzdən həll olunması üçün Xankəndi icra strukturunun yaradılması işini başa çatdrımaq kimi öhdəliklər olacaqdır.
- Eşitdiyimizə görə, deputat seçiləcəyiniz təqdirdə Qarabağ televiziyasını yaratmaq və erməni dilində verilişlər hazırlamaqla təmas xəttində yaşayan ermənilərə əsl həqiqətləri çatdırmaq planlarınız da qarşıdakı uğurlu işlərinizdəndir.
-Tək bu deyil, mənim Qarabağ həqiqətlərinin dünyaya çatıdırlması ilə bağlı komleks fəaliyyət planlarım vardır. Sizin dedikləriniz də həmin planın bir tərkib hissəsidir. Ümumiyyətlə, mütəmadi olaraq dünya ictimaiyyətinə və gənclərimizə Dağlıq Qarabağ bölgəsinin adət-ənənələrini, tarixi abidələrini əks etdirən, onun məhz Azərbaycana və azərbaycanlılara məxsus olduğunu sübut edən mənbələri üzə çıxararaq bütün bunların təbliğatını aparmaq niyyətim gələcəkdə də davam edəcək. Televiziya və erməni dilində veriliş hazırlanması məsələsi də ilk növbədə həllinə çalışacağım əhəmiyyə kəsb edən işlərdəndir.
-Flora xanım, siz Xankəndi seçki dairəsindən deputatlığa namizədsiniz, sizə dəstək olan, səs verən seçicilər- qaçqın və məcburi köçükünlərin maddi təminatının və yaşayış şəraitinin bir qədər də yaxşılaşdırılması yönümündə planlarınız da olmamış deyil.
- Əlbəttə, məcburi köçkünlərin maddi təminatının və yaşayış şəraitinin yaxşıladırılması üçün səyyar qəbullar keçirmək, problemləri yerində həll etmək; Şəhid ailələrinin və müharibə iştirakçılarının, habelə döyüş əməliyyatlarında sağlamlığını itirmiş şəxslərin, eləcə də valideyn himayəsindən məhrum olmuş uşaqların maddi və sosial rifahının yaxşıladşırılması üçün zəruri tədbirlər görmək; Yaşayış şəraiti və sosial vəziyyyəti ilə əlaqədar məcburi köçkünlərin övladlarının təhsildən uzaq düşməsinin qarşısını almaq, məktəbəqədər və orta təhsil müəssisələrinin normal fəaliyyəti və maddi təminatının yaxşılaşdırılması üçün müvafiq dövlət orqanları qarşısında təşəbbüs qaldırmaq, təkliflər irəli sürmək; Gənclərimizlə müntəzəm görüşlər təşkil etmək, hərbi vətənpərvərlik ruhunu yüksəltmək, asudə vaxtlarının səmərəli təşkili, sağlamlıqlarının qorunması istiqamətində zəruri tədbirlər görmək; Seçicilərin məskunlaşdıqları ərazilərdə onlara keyfiyyətli səhiyyə xidmətlərinin göstərilməsi, maddi vəziyyəti ağır olan şəxslərin, ailələrin pulsuz tibbi yardım almalarını təmin etmək, eyni zamanda daha çox vəsait tələb olunduğu hallarda aidiyyatı qurum və fondlar qarşısında məsələ qaldırmaq; Məcburi köçkünlərin yaşadıqları yeni qəsəbələrdə abadlıq işlərinin aparılması, kitabxana, uşaq bağçası, klub və dərnəklərin açılması ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlərdə fəal iştirak etmək də planlarıma daxildir..
- Flora xanım, seçkiöncəsi verdiyiniz müsahibəyə görə sizə təşəkkür edirəm və düşünürəm ki, sözhbətimizin bitmək məqamıdır. Ancaq istərdim ki, son sual, son söz yerinə dəyərli seçicilərinizə müraciətinizi də eşidək.
- Sonda seçicilərimə bir daha demək istəyirəm ki, qarşıdakı beş ilin ölkəmiz üçün çox mühüm bir dövr olacağına, möhtərəm prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu müddətin müstəqilliyimizin, Vətənimizin və xalqımızın həyatında qələbə zamanının, Böyük Qayıdışın başlanğıcına çevriləcəyinə inanıram. Ona görə də seçim edərkən xankəndlilərin- sizin sosial, mənəvi tələblərinizi reallığa çevirə bilən, onun qanunvericilik aktlarında əksini tapmasına səy göstərən hər bir namizədin gücünü, imkanını və bacarığını dəqiq nəzərə almağınızı rica edirəm.
Bir daha vurğulayıram ki, belə mühüm məqamda, seçim zamanında həmvətənlərimin problemlərinin həllində onların etimadını doğrultmaq, doğma Xankəndimizi Milli Məclisdə təmsil etmək mənim üçün ən ali, şərəfli vəzifədir, çünki biz eyni qayğıları, eyni taleyi yaşayırıq, eyni duyğuları paylaşırıq!
Seçgi günü- noyabrın 1-də hamınızı parlament seçkilərində iştirak etməyə çağırıram.
Öz etimadınızı məndən əsirgəməyəcəyinizə də inanıram. Tanrı bizə doğru qərar vermək sevincini nəsib etsin!
Modern.az