filologiya üzrə elmlər doktoru, professor
A.F.Koninin nitq mədəniyyəti ilə bağlı məsləhətləri “Mühazirəçilərə məsləhət” məqaləsində prinsipial əhəmiyyət kəsb edən məsləhətlər (21 bənddən ibarət məsləhət) kimi verilir. Məsələn, o, mühazirəçinin hər bir mühazirəyə əvvəlcədən hazırlaşmasını, onun planını tutmasını, ən mühüm faktları düzgün seçib qruplaşdırmasını, mühazirə mətnini tərtib etməsini, mühazirə mətnini qabaqcadan ucadan oxuyub mənimsəməsini və s. məsələləri mühazirəçinin qarşısında tələb kimi qoyurdu. Onun fikrincə, mühazirəçi mühazirə mətnini dərindən mənimsədikdə, mətndəki faktları yadda saxladıqda özünü rahat və gümrah hiss edir. Bu da nəticədə mühazirəçinin nitqinin uğurlu alınmasına gətirib çıxarır. Onu da qeyd edirdi ki, mühazirə mətninin hazır olması o demək deyildir ki, mühazirəçi auditoriya qarşısında mətni oxumalıdır. Eyni zamanda mühazirə mətnində nə varsa, hamısını olduğu kimi deməlidir. Mühazirəçi şəraitdən asılı olaraq mühazirə mətninin mahiyyətini dəyişmədən mühazirə mətnini qısalda da bilər. Hətta A.F.Koni mühazirəçilərə öz nitqlərini necə başlamalarını da anlatmağa çalışmışdır. Qeyd etmişdir ki, mühazirəçi öz nitqini “Yoldaşlar” xitabı ilə, yaxud “Bu gün, yoldaşlar, sizin qarşınızda…” ifadələri ilə başlasa da effektli olar.
A.F.Koni mühazirəçi, natiq üçün əhəmiyyətli hesab olunan digər tələblər içərisində mühazirəçinin, natiqin sadə və ədəbli geyinməsini də vacib saymışdır. “Mühazirəçi kəskin rəngli, qeyri-adi formada, səliqəsiz və pinti geyimdə olmamalıdır. Bunu yadda saxlamaq lazımdır ki, natiqin auditoriyada psixi təsiri dinləyicilər qarşısında mühazirəyə qədər formalaşır”. (bax: İlham Abbasov. Nitq mədəniyyətinin bəzi məsələləri. – “Kaspi” qəzeti, 27-29 dekabr 2014-cü il, s.7)
Əlbəttə, mühazirəçinin, natiqin qarşısında qoyulan tələblər sırasında onun səs tonunu artırıb-azaltması da mühüm rol oynayır. A.F.Koninin bu tövsiyələri barədə qeyd olunur ki, “… natiq şəraitdən asılı olaraq səsinin tonunu artırıb-azaltmalıdır. Mühazirənin eyni tonda deyilməsi dinləyicilərin tez yorulmasına səbəb olur. Mühazirəçi nitq zamanı yeni fikrə keçərkən qısa fasiləyə də yol verməlidir (buna yazılı nitqdə yeni fikrə başlayarkən abzas misal ola bilər)”. (bax: İlham Abbasov. Nitq mədəniyyətinin bəzi məsələləri. – “Kaspi” qəzeti, 27-29 dekabr 2014-cü il, s.7)
A.F.Koninin mühazirəçiyə, natiqə tövsiyə etdiyi digər məsələlər sırasında onların əl hərəkətlərinin çıxışlarının məzmununa uyğun olması, yerli-yersiz əl hərəkətlərinə nəzarət etmələri, auditoriyadakıların yayındırıcı hərəkətlərinin onlara təsir etməməsi, çətin sözlərin, ifadələrin yerindəcə izah olunması, yorucu çıxış etməməsi və s. məsələlər də özünə yer alır. (bax: İlham Abbasov. Nitq mədəniyyətinin bəzi məsələləri. – “Kaspi” qəzeti, 27-29 dekabr 2014-cü il, s.7)
Bu gün inkişafın özü (texnologiyaların inkişafı, internet resursları, informasiya-kommunikasiya vasitələrinin tətbiqi və s.) nitq mədəniyyətinə müəyyən qədər təhlükə yaradır. Məsələn, insanlar mobil telefonun imkanlarından istifadə etməklə şifahi nitq mədəniyyətinin geniş imkanlarını öldürürlər. Bu mənada “Rossiyskaya qazeta”nın “Bu gün internetin rus dilinə təhlükəli təsirindən çox danışırlar. Siz bu təhlükə ilə razısınızmı?” sorğusuna Ali İqtisadi Məktəbin professoru, filologiya elmləri doktoru Həsən Hüseynov belə bir maraqlı cavab verir: “Dilə hər bir texnologiya təsir edir. Bu təhlükə daha çox nitqdə və davranışda özünü göstərir. Məhz mobil telefonun yaranışı ilə bu təhlükə daha çox hiss olunmağa başladı. Bu gün telefon insanı antropoloji tip kimi çox dəyişib. Bu gün normal texnoloji inkişaf gedir. Bu inkişaf ümumiyyətlə, təhlükə ilə birləşib. Fotoqrafiya vaxtilə rəssamlıq sənətini, eləcə də kino fotoqrafiyanı, televiziya kinonu öldürməmişdi. Bu gün isə əks proseslər gedir”. (bax: “Dil insan qruplarından güclüdür”. – “Kaspi” qəzeti, 25 dekabr 2014-cü il, s.12)
Dil heç zaman insanlara problem yaratmır. Ancaq insanlar bəzən dilə problem yaradır, onun qayda-qanunlarını pozur, söhbət nitq mədəniyyətindən gedirsə, onun yazılı və şifahi qolundakı sistemə müdaxilə edirlər. Məsələn, müşahidələr onu göstərir ki, insanların bir qismi necə danışırsa, o cür də dili və onun normasını qəbul edir. Əslində belələrinin nitq mədəniyyəti barədə ya bilgisi olmur, ya da ki bu bilgini əldə etməyə həvəsləri və istəkləri olmur. Beləliklə, nitq mədəniyyətinin qayda-qanunlarının pozulmasının bəzi məqamları buradan başlayır. Bu fikri “Sizcə, dilin əsas problem nədir?” sualına professor Həsən Hüseynovun verdiyi cavab da təsdiq edir: “Adi adamlar həmişə dili öz danışdıqları kimi hiss edirlər. Savadlı adamlar isə dilə yaradıcı yanaşırlar. Dilin əsas problemi cəmiyyətdə yaranır. Dilin əsas göstəricisi ondan istifadə edən adamlardır”. (bax: “Dil onu idarə etmək istəyən istənilən insan qruplarından güclüdür”. – “Kaspi” qəzeti, 25 dekabr 2014-cü il, s.12)
İndi uşaqlar texnologiyanın dilinə daha tez alışırlar. Onlar elmi-texniki tərəqqinin həyatımıza gətirdiyi texniki vasitələrə daha tez uyğunlaşırlar. Müntəzəm olaraq yeniləşmə prosesi getdiyi kimi, bu yeniləşmə prosesinə uyğunlaşma da gedir. Ancaq bütün bu yeniləşməyə uyğunlaşmaq hələ mədəni, kamil olmaq demək deyildir. Mədəniliyin, kamilliyin ən ümdə göstəricisi doğma ana dilində nitqin qarşısına qoyulan tələbləri yerinə yetirməkdir.
Nitq mədəniyyətinə verilən tələblər sırasında danışmağı və dinləməyi bacarmaq da mühüm yer tutur. Nə zaman danışmaq, necə danışmaq, eyni zamanda dinləmək, səbrlə qarşı tərəfin fikrinə qulaq asmaq, qarşı tərəfin mövqeyinə hörmət və nəzakət göstərmək və s. nitq mədəniyyəti üçün əhəmiyyətli rol oynayır. Əvvəla danışan şəxs öz duyğu və düşüncəsini paylaşmazdan qabaq düşünməli, hansı fikri söyləyəcəyini bilməli, söyləyəcəkləri içərisində nəyin gərəkli, nəyin gərəksiz olduğunu bilməlidir. Əks təqdirdə aydın olmayan fikir və münasibət ətraf tərəfindən anlaşılmayacaq, ətrafın rəğbətini qazanmayacaqdır.
Danışmaq və dinləmək nitq mədəniyyətinin komponenti kimi insanların anlaşması işində ciddi rol oynayan məsələdir. Danışmaq və dinləmək məsələsində insanların xarakterləri müxtəlifdir. Bəziləri danışmağa, bəziləri dinləməyə, bəziləri hər ikisinə üstünlük verirlər. Yalnız danışmağa üstünlük verənlər məsələyə birtərəfli yanaşanlardır. Onlar danışmaqla öz fikirlərini başqalarına qəbul etdirmək istəyir, aman vermədən öz fikirlərinin üstünlüklərini nümayiş etdirmək istəyirlər. Belələri qarşı tərəfə nəzakətsiz və diqqətsiz olduqlarını başa düşmək istəmirlər. Belələri ilə hər zaman qarşılaşmalı oluruq. Hətta onların içərisində radio və televiziyada çalışan aparıcılar da vardır. Onlar müsahibi ilə söhbət zamanı verdikləri suallara özləri cavab verirlər. İmkan vermirlər ki, müsahibləri danışsın, onların verdiyi sualları cavablandırsın. Əksər halda müsahiblərini tez-tez dayandırır, yersiz müdaxilələr edirlər. Belə məqamlarda təəssürat ondan ibarət olur ki, əgər sualı özün verib cavabı da özün söyləyəcəksənsə, onda niyə müsahib dəvət etmisən? Belələri həm də hər şeydən bilgili, məlumatlı kimi özlərini təqdim edərək süni bir imic yaratmaq istəyirlər. Bəzi hallarda isə müsahibini tez-tez kəsməklə, bir suala tam cavab almamış başqa bir suala keçməklə əsas mətləbdən uzaqlaşırlar. Bununla da yalnız danışmağa üstünlük verən adamlar qarşı tərəfin də diqqətini yayındırırlar. Ancaq az danışıb çox dinləməyin faydaları çoxdur. Az danışıb çox dinləmək insana verilən qabiliyyətdir. Adətən çox dinləyib az danışan adamlar düşünməyə daha üstünlük verirlər. Onlar düşünərək danışdıqları üçün nəticəyə daha tez nail ola bilirlər. Qarşıdakını dinləmədən onun nə istədiyini və nə dediyini anlamaq mümkün deyildir. Ancaq yalnız danışmağa üstünlük verənlər dinləməyi bacarmadıqları üçün heç düşünməyi də bacarmırlar. Tələm-tələsik qərarlar qəbul edir, uğursuz nəticələr çıxarırlar.
İnsan öz həyatında uğur əldə emək üçün yerində və məqamında danışmağı da, dinləməyi də bacarmalıdır. Dünya siyasətçiləri, iqtisadçıları, iş adamları, dövlət xadimləri yerində və məqamında danışmaqla uğur əldə edə bilərlər. Bunun üçün hətta Neyro Linqvistik Proqramlaşdırmanın imkanlarından da istifadə etmək mümkündür. Neyro Linqvistik Proqramlaşdırma dünyada 40 ilə yaxındır ki, mövcuddur. Beynəlxalq dərəcəli Neyro Linqvistik Proqramlaşdırma üzrə Master Treyner Babək Bayramov Neyro Linqvistik Proqramlaşdırma və onun nəyə yararlı olduğu barədə müsahibəsində deyir: “NLP (Neyro Linqvistik Proqramlaşdırma – B.X.) 40 ilə yaxındır ki, dünyada mövcuddur. Neyro beynin neyroloji sistemini təmsil edir. Beynimiz beş dillə danışır: Görmə, eşitmə, dad bilmə, qoxu və toxunma. Hər təcrübədə bu beş dildən birindən yaxud bir neçəsindən istifadə edirik. Bunlar dünyanı qavrama sistemlərimizdir. Linqvistika özümüz və digərləri ilə ünsiyyətimizi təmsil edir. İnsan özü ilə ünsiyyətə girməyi bacarmırsa, digərləri ilə də ünsiyyətə girə bilməz. Proqramlaşdırma isə bizim davranış qəliblərimizdir. Bugünkü davranışlarımız dünənkinə, dünənki srağagünkünə və s. çox bənzəyir. Bu, o deməkdir ki, qəlibləşmiş davranışlarımız var. Bu qəlibləşmiş davranışlar bizim həyatımıza eyni nəticələr gətirir, çünki eyni yolla gedirik. Həyatda nəticələrimizi dəyişmək, həyatımızı daha yüksək səviyyəyə daşımaq istəyiriksə, o zaman davranışlarımızı dəyişdirməliyik”. (bax: “İnsan öz həyatının memarı olmalıdır”. – “Kaspi” qəzeti, 24 iyul, 2015, 131 (3445), s.15) Ancaq təkcə davranışın dəyişməsi ilə də insan uğur əldə edə bilmir. Həm də inancların və dəyərlərin dəyişməsinə ehtiyac yaranır. Belə olduqda Neyro Linqvistik Proqramlaşdırmanın imkanları gündəmə gəlir. Onun inancları dəyişmək sistemləri var. Babək Bayramovun fikrincə, “Əgər insan gedəcəyi yerdə yolun sonunu görmürsə, həvəssiz olur, həyatdan zövq almır, tez-tez depressiyaya düşür. İstəklərini dilə gətirmək, nəyi isə istəmək bəzilərinin fikrincə, xəyaldır. Amma hər bir şey öncə xəyal olub sonra gerçəkləşir”. Deməli, insanlar nə qurub, nə yaradacaqları barədə beyinlərində onu xəyal olaraq canlandırmalıdırlar. Belə olduqda onlar istəklərini gerçəkləşdirə biləcəklər. Odur ki, insanın məqsədi olmalıdır. O, həyatdan, ətrafdan nə istədiklərini bilməlidir. Başqasını dinləməyi bacarmayanlar, özü danışıb özü eşidənlər heç zaman istəklərini gerçəkləşdirə bilməzlər. Dinləməyi bacarmaq özünə inamlı və güclü olmağın bir göstəricisidir.