“Zəngilanın işğalından 19, 20, 21 il ötür”. Bu cür xəbərlərə biri də əlavə edildi – bu gün Zəngilanın işğalının 22-ci ildönümü idi. Bəlkə də Zəngilanın işğal olunmasının il dönümlərində bu başlıqda verilən xəbərləri yaymaq düşmənin işğalını, elə Zəngilanı da unutmadığımızı sübut edir. Bu həm də hər birimizin vətəndaş kimi mənəvi borcumuzdur. Amma etiraf edək ki, illər ötsə də, Zəngilan da daxil olmaqla bütün işğal altındakı torpaqlar yenə düşmən tapdağında qalır...
Modern.az xəbər verir ki, Zəngilanın işğalının ildönümü ilə bağlı bu gün Şəhidlər Xiyabanında anım mərasimi keçirilib.
22 il öncə Zəngilandan ailəsi ilə birlikdə çıxmağa məcbbur olan Şənlik Əliyev xatirələrini bölüşüb: “1993-cü il oktyabr ayının 29-da ailəmlə birlikdə Araz çayının qırağında köç saldıq. Heydər Əliyevin göstərişi ilə Araz çayının səviyyəsi aşağı salındı və biz İrana keçdik. İranda 3 gün məsciddə qaldıq. Sonra Bakıya köçüb tələbə yataqxanalarında məskunlaşdıq. Təbii ki, mənim üçün Zəngilansız çox ağırdır. Bir gənc olaraq elimizin-obamızın həsrətini çəkirik. Gənclik və tələbəlik illərim Bakıda keçib. Amma buna baxmayaraq, yenə də Zəngilana qayıtmaq, ata-baba yurdumuzda ömür sürmək istəyirəm”.
Başqa bir Zəngilan həsrətli həmsöhbətimiz isə keçmiş döyüşçü, müharibə veteranı Əsəd Hüseynovdur: “Əslində Zəngilanın işğalı 1992-ci il dekabrın 10-dan başlamışdı. Həmin gün ermənilər Qafan istiqamətindən gələrək, sağdan-soldan 20 kəndimizi mühasirəyə saldılar. Həmin dövrdə ordudaydım. Çox dəhşətli hadisələr baş verirdi. Zəngilan uğrunda şəhid olanların əkksəır hissəsi elə məhz dekabrın 10,11, 12-də gedən döyüşlərdə həlak olublar.
Daxili Qoşunların, özünü müdafiə batalyonlarının cəhdlərinə baxmayaraq, Zəngilanın 20 kəndi işğal olundu. Bu kəndlər işğal olunandan sonra da Zəngilan 1993-cü ilin yayına qədər təslim olmadı... Cəbrayıl, Kəlbəcər işğal olundu... Qonşu Qubadlı alındı. Dəmir yolu xətti kəsildi, bütün əlaqələr itdi. Ermənilər Qarabağdan Arza qədər olan əlqaəni kəsdilər. Zəngilan mühasirədə qaldı. Avqustdan oktyabrın 29-na qədər mərkəzlə əlaqə olmadı. O vaxt çox mərd oğlanlar döyüşürdü. Əgər o şəhidlər, xüsusən də polislərimiz ermənilərin qarşısını almasaydılar, biz 35 min əhalini Arzandan İrana keçirə bilməzdik. O vaxt Heydər Əliyev Iran prezidenti Rəfsəncanidən zəngilanlıların İrana keçməsinə razılıq aldı. Əgər elə olmasaydı, Zəngilanda Xocalıdan da amansız bir qırğın olardı. İran vasitəsilə İmişliyə və respublikanın müxxtəlif bölgələrinə gəldik”.
İlk həmsöhbətimiz Şənlik Əliyev Şəhidlər Xiyabanın yuxarı hissəsindəki bir məzarın başında bir qadının ağladığını söylədi. Yaxınlaşdıq. Bu, şəhid anası Çiçək Xasməmmədova idi. Həqiqətən də o ananın ağlamasında oğul itkisini görmək olurdu. Dözülməz idi... Çiçək ana dərdini bölüşdü: “Oğlum Emin hərbi xidmətə 6 ay tez getdi. Yaşı çatmırdı. Buna görə biz də getməyini istəmirdik. Bir gün səhər gördük ki, paltarllarını çəpərdən tullayıb həyət, qaçıb cəbhəyə. İki ilə yaxın vuruşdu. Horadizdə erməni snayperlə başından vurmuşdu. Eminin necə döyüşdüyünü hamı bilir. Amma bu gün oğluma ad verilməməmsi ana kimi mənə pis təsir edir. Emin gənc idi, amma kişi kimi şəhid oldu. Şəhid olanda hələ 20 yaşı tamam deyildi”.
Ağa Akifoğlu
Emil Rasim