Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin “Çıraqov və digərləri Ermənistana qarşı” adlı şikayəti üzrə bu ilun iyununda müsbət qərar çıxarıb və bu qərardan irəli gələrək onların Ermənistanın işğal etdiyi torpaqlardakı mülkiyyətləri haqqında məlumatın verilməsi üçün məktub göndərib.
Lakin Laçından məcburi köçkün olan Fəxrəddin Paşayev bu məsələdə, göndərilən ingilis dilli məktubun tərcümə edilərək geri qaytarılması üçün heç kəsin onlara yardım etmədiyini deyib.
Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki rəsmi nümayəndəsi Çingiz Əsgərov isə Modern.az-a açıqlamasında hər şeyin nəzarətdə olduğunu bildirib.
“Bu şəxsi məsələlərdir. Bilmirəm bunu niyə bu qədər ortaya çıxarırlar. Bu məsələdə heç bir problem yoxdur. Çıraqovlar və başqalarının Ermənistana qarşı iddiası ilə bağlı Avropa Məhkəməsi qərar verib və bütün bu məsələlələr bir il ərzində həll olunmalıdır. Onlara göndərilən məktubun tərcüməsi ilə bağlı nə problem ola bilər? Bu məsələdə hər şey nəzarət altındadır”.
Ç.Əsgərov eyni zamanda bildirib ki, Avropa İnsan Haqları məhkəməsində qaçqın və məcbur köçkünlərin işləri üzrə müraciətlər çoxdur və onlar kommunikasiya olunmayıb.
“2005-ci ildən bəri Avropa İnsan Haqları Məhkəməsinə azərbaycanlı qaçqın və məcburi köçkünlərin Ermənistana qarşı irəli sürdüyü xeyli sayda ərizə təqdim olunub.
Azərbaycan hökumətindən aldığımız məlumata əsasən, iddiaçı və onların nümayəndələrinin ərizələri yalnız mülkiyyət hüququ, özəl və ailə həyatına hörmətlə bağlı deyil, həm də işgəncələrin qadağan olunması və yaşamaq hüququnun pozulması ilə bağlıdır.
Onlar arasında bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən insanlığa qarşı cinayət kimi tanınan Xocalı soyqırımı qurbanlarının ərizələri də var”.
Aytən ZƏHRA