Müsavat Partiyasının noyabrın 1-də Milli Məclisə keçiriləcək parlament seçkisində iştirakını rəsmən dayandırması ilə bağlı qərarı üzvlər arasında fikir ayrılığı yaradıb.
Partiyanın Divan üzvü və Təşkilat komitəsinin rəhbəri Razim Əmiraslanlı Modern.az-a açıqlamasında partiyanın Divan iclasının seçki ilə bağlı qərarına hörmətlə yanaşdığını bildirib: “Zamanında verilmiş qərardır. Mən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. İstər seçkidən əvvəl, istərsə də indiki halda mübarizənin davam etdirilməsinin tərəfdarıyam”.
Razim Əmiraslanlı seçkidə iştirak etdiyi halda partiya sıralarından uzaqlaşdırıla biləcəyi ehtimalına da aydınlıq gətirib: “Partiyanın qərarının düzgün olduğuna inanıram. Ancaq mənim də seçicilərim var, qərar qəbul etməmişdən öncə gərək onlarla məsləhətləşim. Onların istəyi mənə hansı addımı atmalı olacağımı göstərəcək. Namizədliyimi geri çəkməyə qərar versəm, ərizə ilə dairə seçki komissiyasına müraciət edəcəyəm. O ki qaldı, partiyanın razılığı məsələsinə hələ yekun qərar qəbul olunmayıb, onların da mövqeyi mənim üçün önəmlidir”.
Vüsalə Qəzənfərqızı