Mərkəzi Seçki Komissiyanın (MSK) iclasında Müsavat Partiyasının noyabrın 1-nə təyin edilən parlament seçkilərində iştirakdan imtinası ilə bağlı müraciətə baxılıb.
MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, seçkilərdən imtina ilə bağlı səsverməyə 10 gün qalanda müraciət olunmalıdır: “Müsavat Partiyasının isə addımları qanunvericiliyə ziddir. Səsvermə gününə 10 qalmış seçki bülletenləri çap olunur, bu müddətdən sonra isə namizədliyin geri götürülməsi seçiciləri çaşdıra bilər”.Müsavat Partiyası başqanının müavini Elman Fəttah Modern.az-a seçkidən imtinanın könüllülük prinsipi əsasında yerinə yetirildiyini bildirib.
Onun sözlərinə görə, namizədin seçkidən imtinasını məhdudlaşdıran hər hansı bir maddə yoxdur: “Namizəd kimi seçkilərdə iştirak etmək hər kəsin hüququdur. MSK heç kəsin üzərinə seçkidə iştirakını davam etdirmək öhdəliyini qoya bilməz.
Namizədlər seçkiyə 1 gün qalmış da iştirakdan imtina edə bilərlər. Seçki qanunvericiliyində bu prosesi məhdudlaşdıran heç bir qərar və maddə yoxdur”.
Vüsalə Qəzənfərqızı