Modern.az

“ATƏT-in mandatı ilə Qarabağa qoşun yeridilə bilər”

“ATƏT-in mandatı ilə Qarabağa qoşun yeridilə bilər”

Təhsil

30 Oktyabr 2015, 13:45


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Dağlıq Qarabağa qoşun yeritməsi beynəlxalq hüquqi prosedurlara zidd olsa da, bu məsələdə Rusiya daha israrlı görünür.

Ümumiyyətlə, Azərbaycanın icazəsi olmadan Rusiya Dağlıq Qarabağa sülhməramlı qoşun yeridə bilərmi?  

Politoloq, keçmiş dövlət müşaviri  Qabil Hüseynli Modern.az-a açıqlamasında məsələni belə şərh edib.

“Beynəlxalq hüquq normalarına əsaslansaq Rusiya Dağlıq Qarabağa qoşun yeridə bilməz. Çünki Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Müvəqqəti olaraq Ermənistan tərəfindən işğal edilsə də, heç bir dünya dövləti Dağlıq Qarabağın separatçı statusunu tanımayıb. Sülhməramlı qüvvələr isə bir qayda olaraq BMT, yaxud ATƏT-in mandatı ilə bölgəyə yeridilə bilər. Bu, əsasən BMT-nin icazəsi ilə baş tuta bilər.  

Ona görə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bölgəyə sülhməramlı qüvvələr yeritmək səlahiyyəti yoxdur. Əgər belə bir fikrə gəliblərsə, bu beynəlxalq hüquq normalarına tamamilə ziddir. Güman edirəm ki, bunun üçün BMT-nin və Azərbaycanın siyasi rəhbərliyinin razılığı olmalıdır.  

Bütövlükdə bu prosesin arxasında nə dayandığını bilmirəm. Azərbaycan və Rusiya siyasi rəhbərliyi arasında danışıqların olması barədə məlumatım yoxdur.

Onu deyə bilərəm ki, Azərbaycan siyasi rəhbərliyi bəyan edib ki, sülhməramlı qüvvələr Azərbaycanın razılığı ilə bölgəyə yeridilə bilər.

Həmin sülhməramlı qüvvələr bir deyil, bir neçə dövlətin iştirakı ilə olur. Həmin dövlətləri də Azərbaycan özü seçəcək. Ona görə də Minsk qrupunun həmsədri kimi Rusiyanın bu addımı heç bir qanuni normalara uyğun deyil”.  

Politoloq qeyd edib ki, Azərbaycanın tələbi üzrə bu məsələyə ATƏT-də baxıla bilər: “Əgər bu məsələ həyata keçirilməyə başlanılsa, müzakirəyə çıxarıla bilər. ATƏT-in nizamnaməsinə uyğun olaraq Rusiya haqqında tədbirlər görülə bilər”.   Amerikalı həmsədr Ceyms Uorlikin “həmsədr dövlətlər münaqişə bölgəsində sülhməramlılardan istifadə etməməlidir” fikrinə toxunan politoloq,  həmsədrin dediklərində həqiqət olduğunu vurğulayıb:  

“Həmsədr dövlətlərin silahlı qüvvələri bölgəyə qoşun yeridə bilməz. Çünki bunlar sülhyaratma prosesi ilə məşğuldurlar. Ona görə də bu məsələdə son söz BMT-dir. ATƏT-in Minsk qrupunu da BMT yaradıb və sülhyaratma missiyasını da BMT tapşırıb. Bütün proseslər BMT-nin nəzarəti altında həyata keçirilməlidir”.  

Namidə BİNGÖL  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi