Modern.az

Mikayıl Cabbarov: “Fransız-Azərbaycan universiteti layihəsi üzərində hazırlıq işləri aparılır”

Mikayıl Cabbarov: “Fransız-Azərbaycan universiteti layihəsi üzərində hazırlıq işləri aparılır”

3 Noyabr 2015, 12:00


Fransanın Müluz şəhərindəki Yuxarı Elzas Universitetində Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrasının açılışı olub.

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, mərasimdə Yuxarı Elzas Universitetinin rektoru Kristin Zieqler-Qanqloff Müluzun Azərbaycanın şəhərləri ilə olan dostluq münasibətlərindən, o cümlədən rəhbərlik etdiyi ali məktəbin Gəncədəki universitetlərlə mövcud əlaqələrindən danışıb.

Mərasimdə iştirak edən təhsil naziri Mikayıl Cabbarov bu layihənin reallaşmasına verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri Mehriban Əliyevaya, Yuxarı Elzas Universitetinin rektoru Kristin Zieqler –Qanqloffa, Müluz şəhərinin rəhbərliyinə, ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyova minnətdarlığını ifadə edib.

Təhsilin inkişafı sahəsində xüsusi əhəmiyyət verilən məqamlardan birinin də xarici ölkələrlə müsbət təcrübələrin paylaşılması və qarşılıqlı faydalılıq əsasında birgə təşəbbüslərin həyata keçirilməsi olduğunu deyən nazir Azərbaycanın Fransa ilə bu istiqamətdə tərəfdaşlığının nümunəvi xarakter daşıdığını diqqətə çatdırıb. Bakıda Fransız Liseyinin artıq fəaliyyət göstərdiyini qeyd edən M. Cabbarov bildirib ki, hər iki ölkənin dövlət başçılarının təşəbbüsü ilə Fransız-Azərbaycan Universiteti layihəsi üzərində hazırlıq işləri aparılır və növbəti tədris ilindən etibarən bu layihənin də uğurla fəaliyyətə başlayacağına ümid edir.

Nazir M.Cabbarov yeni açılan kafedranın fransız gənclərinə və tədqiqatçılarına Azərbaycanı daha yaxından tanımağa, ədəbiyyatımızı, tariximizi və mədəni irsimizi araşdırmağa imkan yaradacağına əmin olduğunu bildirib.

Açılışıdan sonra Yuxarı Elzas Universitetində Nizamı Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrasının açılış mərasimindən sonra bu universitetlə Gəncə Dövlət Universiteti arasında çərçivə müqaviləsi imzalanıb. Çərçivə müqaviləsinin əsas məqsədi Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrasının gələcək fəaliyyətini müəyyən etmək, Azərbaycan ilə Fransa arasında ədəbiyyat, mədəniyyət və elm sahələrində əlaqələrin inkişafına töhfə verməkdir. Müqaviləyə əsasən hər iki universitet birgə seminarlar, konfranslar təşkil edəcək, tədris və tədqiqat sahəsində əməkdaşlığı genişləndirəcək, müəllim və tələbə mübadiləsi həyata keçirəcək.

Müqavilə Yuxarı Alzas Universitetinin rektoru Kristin Zieqler-Qanqloff və Azərbaycanın təhsil naziri adından Fransadakı səfirimiz Elçin Əmirbəyov tərəfindən imzalanıb.


Modern.az  
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi