Modern.az

Azərbaycan diasporu erməni lobbisinin tədbirinə etiraz etdi

Azərbaycan diasporu erməni lobbisinin tədbirinə etiraz etdi

3 Noyabr 2015, 16:02

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi ermənilərin Amsterdamda keçirmək istədiyi seminarla bağlı etiraz bəyanatı yayıb.

“Bir necə gündür yerli mətbuatda noyabrın 7-də Amsterdam Müstəqil Universitetində (Vrije Universiteit Amsterdam) “Tanınmamış ölkələr, problemin həlli nədir?” adlı seminarın təşkilinə dair məlumatlar yer alır.

Yayılan xəbərlərə görə, seminarda Niderland parlamentinin Sosialistlər Partiyasından olan üzvü Harri van Bommel, iki holland araşdırmaçı və qondarma “Dağlıq Qarabağ Respublikası”nın “parlamenti”ndən millət vəkili Armen Sərkisyan da dəvət edilib. Seminar erməni lobbisinin Niderlandda fəaliyyət göstərən “Haytad Komitəsi” tərəfindən təşkil olunub”.

Seminar barədə xəbərlərin yayılmasından dərhal sonra Hollandiyada fəaliyyət göstərən müstəqil təşkilatlar məsələyə reaksiya göstərərək etiraz bəyanatları ilə çıxış ediblər.

“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi də seminarın təşkilatçılarına və iştirakçılarına öz etirazını bildirib. Etiraz bəyanatında Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu, bir milyona yaxın azərbaycanlının öz doğma torpağından qovulduğu, ağlasığmaz işgəncələrə məruz qaldığı, əsir götürüldüyü və amansızlıqla qətlə yetirildiyi tədbir təşkilatçılarının, eləcə də iştirakçılarının diqqətinə çatdırılır.

Bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin süni şəkildə yaradıldığı və qəsdən çözülmədiyi vurğulanaraq, belə - yalnız bir tərəfin maraqlarına hesablanmış seminarların keçirilməsinin məqsədəuyğun olmadığı bildirilir.

Müraciətdə qeyd olunur ki, bu layihə həqiqətən də xalqların sülh şəraitində yaşaması və münaqişənin həlli yollarının araşdırılmasına yönəlibsə, burada Azərbaycan nümayəndələrinin də iştirakı təmin edilməli, onların fikirləri dinlənilməlidir.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi