Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində 9 noyabr Azərbaycanın Dövlət Bayrağı günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyələr, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 9 noyabr Dövlət Bayrağı günü münasibəti ilə iştirakçıları təbrik edib.
Xatırladıb ki, 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb.
Alı Alıyev qeyd edib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Alı Alıyev bildirib ki, hələ 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib.
Alı Alıyev deyib ki, bu gün hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır:
“Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik”.
Digər çıxış edənlər 9 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd olunmasını əlamətdar bir hadisə olduğunu vurğulayıblar.
Modern.az