ABŞ iqtisadiyyatı ilə bağlı müsbət statistik məlumatlar bu dəfə də dollara əlavə dəstək verdi və dünya valyutası bahalaşmağa başladı. Modern.az saytı xəbər verir ki, bu qənaətdə olan iqtisadçı Samir Əliyevin fikrincə, dolların bahalaşmasını həm də Avropa Mərkəzi Bankının depozit faizlərini azaltmaq və kəmiyyət yumşaldılması proqramını (ayda 60 milyard avro miqdarında pul çapı) artırmaq niyyəti də stimullaşdırır:
“Dünyada dollar əsas valyutalara münasibətdə möhkəmlənir. Azərbaycanda da artıq dollar 1,051 manat həddinə kimi bahalaşıb. İnsanlarda bununla bağlı gərginlik yaranıb və hamı bunu üzən məzənnəyə keçid kimi qiymətləndirir.
Hökumət üzən məzənnəyə keçmək niyyətini elan edib. Ancaq əvvəlki fikrimdə qalıram ki, bu, Azərbaycanda yaxın dövrlərdə mümkün deyil, hətta məsləhət deyil. Çünki onun fəsadları ağır ola bilər. Uzaqbaşı idarə olunan üzən məzənnə siyasətindən danışmaq olar. Dolların bugünkü bahalaşmasını heç də üzən məzənnəyə keçid kimi qiymətləndirmək olmaz. Əvvəla, bunu Mərkəzi Bank əvvəlcədən elan etməlidir. İkincisi, üzən məzənnəyə keçidin baş verməsi manatın əhəmiyyətli ucuzlaşmasına gətirib çıxara bilər.
Bugünkünü isə sırf texniki məzənnə hesab etmək olar. Çünki manatın məzənnəsi fiksə olunan şəkildə Mərkəzi Bank tərəfindən müəyyən olunur”.
İqtisadçı deyib ki, devalvasiyadan sonra da dolların manata olan məzənnəsi 1,05 psixoloji həddindən yüksək olub:
“Sadəcə, sonralar Mərkəzi Bank psixoloji bahalaşma siyasəti həyata keçirib və indi onun ağır fəsadlarını yaşayırıq.
Bugünkü bahalaşmanı yumşaq devalvasiya hesab etmək olmaz. Nəzərə alaq ki, söhbət hər 100 dollara bir neçə qəpik bahalaşmadan gedir. Ola bilsin ki, Mərkəzi Bank sabah dolları yenidən ucuzlaşdırsın. Yəni bunu yumşaq devalvasiya ilə əlaqələndirmək tezdir.
Devalvasiyaya gəlincə, onun baş verməsi zaman məsələsidir və hökumətin qərarından asılıdır. Bu, “üzən məzənnəyə keçid, fevral ayında olduğu kimi “valyuta ehtiyatlarını qorumaq və ixracı stimullaşdırmaq” adı altında da ola bilər. Hər bir halda bütün yollar ona aparır”.
Gülşən RAUFQIZI