Milli Təhlükəsizlik Nazirliyinin (MTN) iki generalı haqqında Baş Prokurorluğa təqdimat göndərilib.
Trend-in məlumatına görə, bir müddət əvvəl vəzifələrindən azad edilərək sərəncama götürülmüş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin eks-rəisi, general-mayor Sübahir Qurbanov təhlükəsizlik orqanlarından xaric ediliblər və əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Baş Prokurorluğuna təqdim edilib.
Qeyd edək ki, adı Azərbaycan mətbuatına yaxşı tanış olan A.Çovdarov işdən çıxarılan nazir Eldar Mahmudovun kassiri kimi atanınırdı. Onun MTN-də əsas vəzifəsi Azərbaycandakı iş adamlarını soymaq olub. Təhdid edilərək külli miqdarda rüşvət verməyə məcbur olan həmin iş adamlarının Baş Prokurorluq və Prezident Administrasiyasına verdikləri şikayətlərdə əsas fiqur kimi məhz Akif Çovdarovun adı qeyd edilib.
Qeyd edək ki, bir neçə gün öncə A.Çovdarovun oğlu da Milli Məclisdəki işindən çıxarılıb. Çovdarovun bacısının kürəkəni Rafiq Hümbətov da Xətai rayon MTN-dəki rəisi vəzifəsindən qovulub.
Eldar Mahmudovun himayədarlığı altında MTN-də "kök salan" Akif Çovdarova 2012-ci ilin martında general-mayor rütbəsi verilib. Ötən ilin martında isə 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilib.
Modern.az