Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə idman dırmanmasının boldrinq növü üzrə keçirilən Açıq Respublika Çempionatı başa çatıb. Modern.az saytı xəbər verir ki, Azərbaycanın bölgələrini təmsil edən komandalar da daxil olmaqla 32 idman klubunun 100-dən çox idmançısının iştirak etdiyi çempionat oğlanlar və qızlar arasında 3 mərhələdə (təsnifat, yarımfinal, final) keçirilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın final mərhələsində idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün qızğın mübarizə aparıblar.
Yarışın sonunda qaliblərə Azərbaycan Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının medal, kubok və sertifikatları təqdim olunub.
Qeyd edək ki, FAİREX tərəfindən hər il mütəmadi olaraq keçirilən çempionat idmançıların daha çox təcrübə toplamasına, yarış texnikalarının təkmilləşməsinə səbəb olmaqla yanaşı, digər gənclərdə də bu yarış növünə böyük maraq yaradır.
İdman dırmanması üzrə Açıq Respublika Çempionatında komandalararası yarışda ümumi nəticələrə görə FAİREX-in “Qafqaz” komandası I, “Gömrükçü” komandası II, “Şəki A.M.A” komandası isə III yerə çıxıb.
Modern.az