
Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz daxil olmuş İsveçrə vətəndaşı beynəlxalq axtarışa verilib. Bu barədə Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində İsveçrə Konfederasiyasının vətəndaşı, “Franck Muller Group” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Vartan Sirmakesin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə ərazilərdə qanunsuz sahibkarlıqla məşğul olması və dövlət əleyhinə yönələn açıq çağırışlar etmə əməlləri üzrə Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 192.2.2-ci (Qanunsuz sahibkarlıq) maddələri ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Vartan Sirmakes Qarabağdakı separatçı rejimi beynəlxalq səviyyədə tanıtdırmaq və təbliğ etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxslə Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçərək Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib.
İttiham üçün əsas verən kifayət qədər sübutlar toplanıldığından 11 noyabr 2015-ci il tarixdə V.Sirmakes Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.
Hazırda V.Sirmakesin tutulub istintaqa cəlb edilməsi üçün “İnterpol”un Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Modern.az