Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi payız-qış mövsümü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyinin təmin olunmasında fövqəladə hallar, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda növbəti rayon müşavirəsi keçirib. Modern.az saytı nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, müşavirənin məqsədi payız-qış mövsümündə yanğından mühafizə istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin təşkili, bu işlərə rayon ictimaiyyətinin səfərbər edilməsi, mövcud problemlər və onların həlli yolları ilə bağlı müzakirələrin aparılması olub.
Müşavirədə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov rayonda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər barədə məlumat verib, bu istiqamətdə təbliğat işinin aparılmasının əhəmiyyətindən danışıb. Tədbirdə 2014-cü il və 2015-ci ilin doqquz ayında baş vermiş yanğınların müqayisəli statistikası iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin dəm qazı zəhərlənmələrinin baş verməməsi üçün bacaların işlək vəziyyətdə saxlanılması, eləcə də mənzillərdə qaz cihazlarından istifadə qaydalarına ciddi əməl edilməsinin vacibliyi qeyd olunub. FHN-in əməkdaşları “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları” və “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında məruzələrlə də çıxış edib, yanğınların başvermə səbəbləri, onlardan qorunma yolları, eləcə də yanğın hadisələri zamanı qarşıya çıxan problemlərdən söz açıblar. Rayonun enerji təchizatı və satışı idarəsinin, qaz istismar sahəsinin, mənzil-kommunal təsərrüfat birliyinin və Təcili Tibbi Yardım Stansiyasının nümayəndələri də müvafiq olaraq “Rayonun enerji təchizatının mövcud vəziyyəti, problemlər və onların həlli yolları”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları” mövzularında çıxışlar ediblər. FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev yanğın təhlükəsizliyinin təmin olunması üçün sakinlər arasında təbliğat və maarifləndirmə işinin aparılmasının vacibliyini vurğulayıb. O, Qaradağ rayonunda yanğın təhlükəsizliyi sahəsində mövcud problemlər barədə məlumat verib. Toplantıda yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videoçarxlar nümayiş olunub, suallar cavablandırılıb.
Modern.az