Fransadakı Azərbaycan diasporu Parisdə baş verən terror aktlarını pisləyən bəyanatla çıxış edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, Paris Azərbaycan Evinin yaydığı bəyanatda bildirilir ki, Fransadakı Azərbaycan icması 2015-ci il noyabr ayının 13-də Paris sakinlərinə qarşı törədilən terror aktını pisləyir və bu hərəkəti insanlığa zidd addım kimi qiymətləndirir.
Hadisə nəticəsində həlak olanların ailəsinə başsağlığı verən və onların ağrı-acısını bölüşdüyünü bildirən bəyanat müəllifləri eyni zamanda insanların dini inanclarına hörmətlə yanaşmağa, tolerantlıq nümayiş etdirməyə və terrora, aqressiyaya qarşı mübarizədə birləşməyə çağırır.
Bəyanatda Azərbaycan icması adından bu dəhşətli cinayəti törədənlərin məsuliyyətə cəlb olunması da tələb edilir.
Bəyanat Fransa parlamentinə, Yelisey sarayına və yerli mətbuata göndərilib.