“Bu gün iki televiziyadan da gəlib bizdən soruşdular. Bu mümkün olan hal deyil. Biz Ədliyyə Nazirliyinin aiddiyyatlı reyestri ilə əlaqə saxlamağa çalışırıq. Necə ola bilər ki, qıza Məhəmməd adı, yaxud oğlana Zəhra adı qoyulsun?!”.
Bunu Modern.az saytına açıqlamasında AMEA Rəyasət Heyətinin yanında Terminologiya Komissiyasının sədr müavini professor Sayalı Sadıqova bildirib.
Qeyd edək ki, dünən mediada yayılan xəbərlərə əsasən son illər ərzində Azərbaycanda 23 qıza Məhəmməd, 86 oğlana isə Zəhra adı qoyulub. Eyni zamanda yayılan informasiyada 8 qıza Həsən, ikisinə isə Həsənağa adları qoyulduğu bildirilib.
Şəxs adlarının bəzilərini istifadədən çıxaran Terminologiya Komissiyasının sədr müavinin sözlərinə görə isə hər bir adın qoyulması xüsusi nəzarət altında olur.
“Bu informasiya mediaya hardan düşüb, bilmirəm. Necə olur ki, bu neçə müddət ərzində bu cür adlar barəsində bircə dənə məlumat getmədi? Biz bu məsələni dəqiqləşdirəcəyik. Ədliyyə Nazirliyi ilə əlaqə saxlamağa çalışırıq. Ola bilsin, bir neçə saatdan sonra bu haqda daha geniş məlumat əldə edək”.
Elmin NURİ