Modern.az

“Fransaya səyahətlərin azaldılması yaxşı olar”

“Fransaya səyahətlərin azaldılması yaxşı olar”

17 Noyabr 2015, 13:50


Fransanın paytaxtı Parisdə törədilən terror hadisəsi Azərbaycandan bu ölkəyə gedən turistlərin sayına təsir göstərib.

“R & R” turizm şirkətinin rəhbəri Rüstəm Əbülfətoğlu CBC telekanalına bildirib ki, həm Paris həm Misir istiqamətinə turların satışı xeyli zəifləyib.

Hətta son günlərdə ümumiyyətlə bu istiqamətdə səyahət üçün müraciət edən yoxdur:

“Dünyanın hər yerində olduğu kimi terror hadisələri insanları qorxudur, onları səyahətdən çəkindirir. Azərbaycanlı turistlər arasında da bu istiqamətə getmək istəyənlərin sayı azalıb. Səyahət paketləri əldə etmək istəyənlər səfərlərini təxirə salırlar.”

Azərbaycan Sağlamlıq və Termal Turizminə dəstək Assosiasiyasının sədri Ruslan Quliyev isə bildirir ki, əvvəlcədən Parisə turpaket alanlar arasında məşhur Eyfel qülləsini, Luvr muzeyini görmək istəyindən imtina edənlər olmayıb. Hətta terror hadisəsi baş verəndən bir gün sonra belə Azərbaycandan Parisə gedənlər olub.

Turizm Assosiyasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov isə bildirir ki, rəsmi şəkildə Parisə səfərlərin təxirə salınması ilə bağlı hər hansı çağırış olmayıb:

“Nə Xarici İşlər, nə də Mədəniyyət və Turizm Nazirlikləri belə bir addım atmayıb. Uçuşlar da təxirə salınmayıb. Amma vətəndaşlara tövsiyyə edirik ki, bu həssas dövrlərdə vacib olmayan səyahətlər etməsinlər. Yaxşı olar ki, öz ölkəmizdə dincəlsinlər.”

Müzəffər Ağayev bildirib ki, Azərbaycanda qış turizmi və infrastruktur bu il daha çox inkişaf edib. Məsələn, Şahdağ və Tufandağdakı turizm məkanları zəngin proqramlar hazırlayıb. Bir sözlə, Azərbaycanda Yeni il turları daha maraqlı olacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi