Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) son qurultayının nəticələrini geri qaytarıb.
Bu barədə bir müddət öncə AXCP sədri Əli Kərimli məlumat vermişdi.
Əli Kərimli bu ilin fevral ayında Razi Nurullayevi müavini vəzifəsindən çıxarmışdı. Bundan sonra Razi Nurullayev Əli Kərimliyə qarşı bəyanatlar verib və bir qrup narazı AXCP-çini ətrafına yığıb. Razi Nurullayev onlarla birlikdə yaratadığı təşkilatın adını AXCP qoyub və iddia edib ki, bu partiyanın əsl sahibi onlardır.
Maraqlıdır, AXCP şinelinden çıxan partiyalar Əli Kərimli, yoxsa Razi Nurullayevlə əməkdaşlıq edəcək?
Modern.az saytı mövzu ilə bağlı Əli Kərimlinin partiyadaşı olmuş siyasətçilər arasında sorğu keçirib.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, Mirmahmud Mirəlioğlu deyib ki, ikinci AXCP-nin qeydə alınacağına inanmır.
“Bu məsələ araşdırılmalıdır. Nəticə etibarilə düşünürəm ki, ikinci AXCP-nin qeydə alınması mümkün deyil “.
Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib ki, bu, bir növ 2000-ci ildə edilən səhvin düzəldilməsinə işarədir:
“O zamanlar AXCP-nin ayrıca bir təşkilat kimi fəaliyyəti irəli sürüldü və əksər rayon təşkilatları da keçirdiyimiz qurultayı tanıdılar. Amma siyasi qərarla seçkiyə AXCP adı altında başqa qüvvələr buraxıldı. Görünən odur ki, 15 il sonra da olsa, o səhvi Ədliyyə Nazirliyi düzəltmək fikrindədir”.
Fazil Mustafa AXCP-nin öz ilkin variantına qaytarılmalı olduğunu bildirib: “Hökumət 2000-ci ildə AXCP adı ilə başqalarının tanınmasının yanlış olduğunu etiraf etməlidir və təşkilat öz ilkin variantına qayıtmalıdır. Əslində bu gün Klassik Xalq Cəbhəsi Partiyası AXCP kimi tanınmalı idi. Amma onun əvəzinə, başqalarını tanıyanda bu məsələ mübahisəli qalmaqda davam edəcək. Ona görə də düşünürəm ki, 2000-ci ilin səhvinin düzəldilməsi daha doğru olar”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Ədliyyə Nazirliyinin AXCP-nin son qurultayının nəticələrini geri qaytarmasını hüquqi prosedur qaydaları ilə əlaqələndirib:
“Ədliyyə Nazirliyi hüquq və qanunları əsas götürərək addımlar atıb. Bu da Ədliyyə Nazirliyi tərəfindən verilən qərardır və o qərara da hörmətlə yanaşıram. Düzü, AXCP-də baş verənlər məni bir o qədər də maraqlandırmır. Ölkədə yüzlərlə təşkilat var, bu da onlardan biridir”.
Fərəc Quliyev AXCP ilə əməkdaşlıq məsələsinə münasibət bildirib:
“Biz yalnız bu iki təşkilatla əməkdaşlıq haqqında düşünmürük. Ümumiyyətlə, ölkədə münasibətlərimizi real şərtlərə uyğun olaraq qurmağa çalışmışıq və hansı təşkilatlarla əməkdaşlıq etmək isə gələcəyin işidir. Bizə əməkdaşlıq üçün təşkilatlar müraciət etdikdə məsələ müzakirə olunur, daha sonra qərar verilir. Ona görə də indidən bununla bağlı hər hansı bir fikir söyləyə bilmərəm”.
Vüsalə Qəzənfərqızı