Bu gün Azərbaycan mətbuatının nüfuzlu qəzetlərindən olan “525-ci qəzet”in 23 yaşı tamam olur. İlk dəfə 1992-ci ildə Milli Dirçəliş Hərəkatının 4 illiyi münasibətilə işıq üzü görən qəzet müəyyən çətinliklərlə üzləşsə də, bu gün fəaliyyətini davam etdirir. Modern.az-la ad günü təəssüratlarını bölüşən qəzetin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid qəzetin artıq cəmiyyətdə jurnalistika məktəbi kimi adlandırıldığını qeyd edir:
“Qəzetin ilk sayı 1992-ci ilin 17 noyabrında dərc olundu. O zaman “Azadlıq” meydandanında mitinqlər gedirdi. Qəzetin 1000 nüsxəsini orada payladıq. Onda qəzetin adı xeyli insanı təəccübləndirmişdi. O zamandan bu günə kimi qəzet öz nüfuzunu, mətbuatdakı yerini həmişə qoruyub saxlaya bilib. “525-ci qəzet”də buna qədər çalışan onlarla jurnalistə də öz təşəkkürümü bildirirəm.
“525-ci qəzet”i jurnalistika məktəbi adlandırırlar. Bu da heç təsadüfi deyil. Burada Azərbaycanın ən tanınmış insanları çıxış ediblər. Çox jurnalistlər burada formalaşıb. Qəzet fəaliyyətini bu gün də yorulmadan davam etdirir. Bu gün Azərbaycanda yeni media və onun standartları inkişaf edir. “525-ci qəzet” yeni media dövründə də öz fəaliyyət və nüfuzunu qoruyub saxlayacaq”.
Qeyd edək ki, bu gün 23 yaşı tamam olan qəzet Azərbaycan jurnalistikası ilə yanaşı, həm də Azərbaycan ədəbiyyatının inkişafına da təkan verib. Qəzetin xüsusən də şənbə buraxılışları ədəbi nüfuzun qorunmasına hər zaman çalışıb. Qəzetdə bu gün də xalq yazıçıları Anar, Elçin, xalq şairləri Zəlimxan Yaqub, Nəriman Həsənzadə, tanınmış ziyalılar Şirməmməd Hüseynov, İsfəndiyar Vahabzadə və başqaları mütəmadi olaraq çıxış edirlər.
Elmin NURİ