Modern.az

Gəncədə “Yehova Şahidləri”nin üzvləri niyə saxlanılıb? - Dini Komitədən AÇIQLAMA

Gəncədə “Yehova Şahidləri”nin üzvləri niyə saxlanılıb? - Dini Komitədən AÇIQLAMA

17 Noyabr 2015, 17:46

Gəncədə qanunsuz dini məclis təşkil edən şəxslər saxlanılıb. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə şəhərin Əhməd Cavad küçəsi ev 47 ünvanında 5-i azyaşlı olmaqla 27 nəfərin iştirakı ilə "Yehovan şahidləri" dini icmasının qanunsuz yığıncaq keçirməsi barədə məlumat daxil olub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə nümayəndəliyi və Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılan şəxslər Polis İdarəsinə dəvət olunub.

Komitənin Dini qurumlarla iş üzrə şöbəsinin Dini təhsil sektorunun müdiri Anar Əlizadə Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumların, eləcə də “Yehova Şahidləri”nin fəaliyyəti “Dini etiqad azadlığı haqqında” Qanunun tələbləri əsasında tənzimlənir. ““Yehova Şahidləri”nə gəlincə, həmin icma 2002-ci ildə Dövlət Komitəsində qeydiyyata alınsa da, 2009-cu ildə “Dini etiqad azadlığı haqqında” Qanuna əlavə və dəyişiklik edildikdən sonra yenidən dövlət qeydiyyatından keçməyib. Lakin onların əvvəlki qeydiyyatı hüquqi qüvvəsini saxlayır”.

Sektor müdiri həmçinin əlavə edib ki, qanunvericiliyin tələblərinə əsasən, qeydiyyatdan keçmiş dini icma yalnız hüquqi ünvanında fəaliyyət göstərə bilər.

““Yehova şahidləri” dini icması 2002-ci ildə Bakı şəhərində dövlət qeydiyyatından keçib. Deməli, Gəncə şəhərində həmin dini icma dövlət qeydiyyatından keçmədiyi üçün onların bu şəhərdə, eləcə də Bakı şəhərindən başqa digər bölgələrdə fəaliyyəti qeyri-qanunidir”.

Qeyd edək ki, saxlanılanlar barəsdinə İnzibati Xətalar Məcəlləsinin 299-cu (dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) maddəsinə əsasən, protokol tərtib edilərək tədbir görülməsi üçün məhkəməyə göndəriləcək.

Ağa Akifoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi