Qarabağ müharibəsi veteranı Mirbəyli Həsənov Goranboy rayon Xanqərvənd kənd tam orta məktəbində haqsızlıqla üzləşib. O, hazırda məktəbdə 12 saat tarix dərsi deyir. Vakant hərbi müəllim yerinə namizəd olsa da, bilərəkdən məktəb direktoru Şərqiyyə Cəfərovanın başqa şəxsi müəyyən hörmət müqabilində gətirdiyini iddia edib.
Bu barədə Modern.az-a açıqlama verən Mirbəyli Həsənov bildirib ki, bütün kollektiv onu bu vəzifəyə layiq görsə də, məktəbin direktoru Daşkəsən rayonunda işləyən riyaziyyat müəlliminin pulunu alıb və ona bu işi verib:
“Məktəbdə hərbi dərsi deyən müəllim 65 yaşa görə pensiyaya çıxdı və həmin vəzifə vakant yer oldu. Mən də vakant yerlə bağlı direktora müraciət etdim. Hərbi müəllimləri test, müsabiqə yolu ilə deyil, birbaşa məktəbin direktoru ilə yerli səfərbərlik xidməti razılaşıb təyin edə bilirlər. Əgər məktəbdə kadr varsa, onu kənardan gətirməyə ehtiyac yox idi.
Lakin məktəb direktoru müəyyən “qarşılıqlı razılşama ilə” Daşkəsən rayonunda təyinatla işləyən bir riyaziyyat müəllimini ora gətirdi. Əlbir olub həmin işi mənə vermədilər. Halbuki 16 il hərbi müəllim işləmişəm, 3 il 6 ay da hərbidə qulluq etmişəm. Qarabağ müharibəsində döyüşmüşəm, müharibə veteranıyam”.
Qarabağ müharibəsi veteranı məktəb direktoru Şərqiyyə Cəfərovanın ixtisaslı müəllimin şagirdlərə dərs deməsindən çox pulu sevdiyini vurğulayıb:
“Bu məktəbdə direktor işləmişəm. Direktorluqdan çıxandan sonra ixtisasım üzrə dərs götürmüşdüm. 12 saat tarix dərsi deyirdim. Hesab edirdim ki, həmin müəllim çıxandan sonra bu dərsi mən deyəcəyəm və hamı da bunu belə bilirdi.
Çox təəssüf ki, Şərqiyyə Cəfərova müəyyən məbləğ miqdarında riyaziyyat müəllimini başqa rayondan gətirib burada dərs verdi. Pul həmin qadın üçün hər şeydir. Onun həyatı, meyarı puldur. Şagirdlərə ixtisaslı müəllimin dərs deməsi onun üçün vacib deyil”.
Məsələ ilə bağlı Mirbəyli Həsənov təhsil nazirinin müavini Ceyhun Bayramovla da görüşdüyünü qeyd edib:
“Təhsil Nazirliyində bütün pillələr üzrə hər kəsə müraciət etmişəm. Bircə nazir Mikayıl Cabbarov qalıb, dəfələrlə qəbuluna düşməyə çalışmışam və xahiş etmişəm.
Sonuncu dəfə Ceyhun Bayramovun qəbulunda oldum. O, məni dinləyib bildirdi ki, bu düzgün deyil və bir tərəflə razılaşa bilmərik.
Onlar məlumatı araşdırılması üçün göndəriblər. Bu səhvi edən Goranboy rayon Təhsil Şöbəsidir və onlar da səhv elədiklərini boyunlarına almırlar. Məktub göndərirlər ki, hər şey düzgündür, əmr düzgün verilib. Bu əmrin kimə verildiyi isə göstərilmir. Yəni kiçik çavuşa, ya Qarabağ müharibəsi veteranı, 20 il hərbi zabit stajı olmuş şəxsə? O, bizim şagirdlərə nə öyrədəcək?”
Modern.az