"Neftçi" Lənkərandakı 8 illik qələbəsizlik seriyasına son qoyub. Modern.az saytı xəbər verir ki, “Neftçi” PFK Topaz Premyer Liqasının XIII turunu qələbə ilə başa vurub. Komanda “Xəzər Lənkəran” klubu ilə səfər oyunundan 3 xalla ayrılıb – 0:2.
Baş məşqçi Əsgər Abdullayevin rəhbərliyi altında ilk oyununa çıxan “Neftçi” bu qələbə ilə həm də Lənkərandakı 8 illik qələbəsizlik seriyasına son qoyub. Komandanın qollarını 60-cı dəqiqədə Elşən Abdullayev, 75-ci dəqiqədə isə Kauenin ötürməsindən sonra Fəhmin Muradbəyli vurub.
Oyundan sonra cənub təmsilçisinin baş məşqçisi Yunis Hüseynov məğlubiyyətə görə azarkeşlərindən üzr istəyib.
Baş məşqçi oyunun gərgin keçdiyini qeyd edib: “İlk hissədə yaxşı oynasaq da, ikinci hissədə fərdi səhvlərdən qollar buraxdıq. İlk qoldan sonra açıq futbol göstərməyə başladıq və rəqib bundan istifadə etdi. Komandamın aqressiv olduğunu deməzdim, əksinə, rəqib daha aqressiv davrandı. Bizim komandamızda intizamsızlıq ola bilməz. Oyunun gedişində “Neftçi”nin bizdən güclü təsir bağışlaması hiss olunmurdu”.
Y.Hüseynov komandasının heyətində problemlərin olduğunu da bildirib: “Rasim Ramaldanov, Kamran Abdullazadə iynə hesabına oyuna çıxmışdılar. Düşünürəm ki, bütün bunlara rəğmən, rəqibə heç bir cəbhədə uduzmadıq. Məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm. Məğlub olmağımızı istəməzdim. Futbolçular da bunu başa düşməlidirlər”.
Modern.az