“Lider TV və Radio Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Milli Televiziya və Radio Şurasını (MTRŞ) məhkəməyə verib. “Report”un xəbərinə görə, “Lider” TV MTRŞ-nın bu televiziya kanalı ilə bağlı qəbul etdiyi qərarının ləğv olunmasını istəyir.
MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov isə Modern.az saytına açıqlamasında məlumatı təkzib edib:
“İnformasiya tamamilə yanlışdır. “Lider” televiziyası Milli Televiziya və Radio Şurasını məhkəməyə verməyib”.
“Lider” TV-nin “Lider Xəbər” Departamentinin rəisi İlham Abdulov da Modern.az-a açıqlama verərkən bununla bağlı məlumatı olmadığını bildirib.
Xəbərin ilkin mənbəsi olan “Report”un redaksiyasından isə bildirilib ki, işə Bakı Apellyasiya Məhkəməsində baxıldığı halda MTRŞ-dən faktın təkzib edilməsi başadüşülən deyil.
Gülşən RAUFQIZI