Ümumdünya Uşaq günü münasibəti ilə Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasında “Uşaq həftəsi” aksiyasına start verilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, aksiya ərəfəsində ürək-damar cərrahı, deputat Rəşad Mahmudovun rəhbərliyi ilə yerli və xarici (İtaliyanın Milan şəhəri San Raffaele Hospitalı) həkim briqadaları tərəfindən 200-dən çox anadangəlmə ürək qüsurundan əziyyət çəkən xəstələrin müayinə və müalicəsi planlaşdırılır. Bununla yanaşı, 20-dən çox uşaq üzərində mürəkkəb açıq ürək əməliyyatlarının icrası gözlənilir. Bu əməliyyatların 12-si Heydər Əliyev Fondunun ayırdığı maliyyə vəsaiti üzrə keçiriləcək.
Aksiya çərçivəsində 15 günlük körpə uşağın yuxu arteriyasından ürəyin qapaq əməliyyatı keçirilib. Nəticələr həkimlərin gözlədiyindən daha da yaxşı olub. Anadangəlmə ürək qüsüru olan 26 həftəlik körpənin əməliyyatı nəzərdə tutulub.
Aksiya təşviqat xarakterli tədbirlərin icrasını da nəzərdə tutur. “Uşaq həftəsi” çərçivəsində Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının, eləcə də dünya ictimaiyyətinin diqqətini anadangəlmə ürək xəstəliklərinə cəlb etmək məqsədi ilə hazırladığı “Ürəklər susmasın” adlı sosial məqsədli video çarx müxtəlif televiziya kanallarında nümayiş olunacaq.
Aytən ZƏHRA