Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu saatlarda Milli Məclisə keçirilmiş 1 noyabr seçkilərinin nəticələrini yoxlayıb təsdiqləmək üçün iclas keçirir.
Modern.az saytının əldə etdiyi məlumata görə, bu gün V çağırış Milli Məclisin ilk iclasının keçirilməsi də nəzərdə tutulur.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası ötən həftə seçkilərin yekunları ilə bağlı sənədlərə baxılması üçün Konstitusiya Məhkəməsinə təqdim edib.
Qeyd edək ki, MSK yalnız bir dairədə - 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticəsini ləğv etmişdi. Həmin dairədə "Azəriqazbank"ın sahibi, bitərəf Çingiz Əsədullayev qalib elən edilmişdi.
Əgər Konstitusiya Məhkəməsi əlavə dairələrdə də seçkinin nəticələrini ləğv etsə, onda təkrar seçki keçirilən dairənin sayı 1 yox, bir neçə ola bilər.
Milli Məclisdəki mənbədən Modern.az saytına bildirilib ki, noyabrın 24-də səhər saatlarında Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqləyəcək, günorta saatlarında isə V çağırış Milli Məclisin ilk iclası çağırılacaq.
Xatırladaq ki, Konstitusiyanın 86-cı maddəsinə görə, seçkilərin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olunmuş qaydada Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.
Seçki Məcəlləsinin 171.2-ci maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını onlara əlavə sənədlərlə birlikdə yoxlayır.
Sənədlər tamam yoxlanıldıqdan sonra 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edilir.
Eyni maddənin 3-cü bəndində göstərilir ki, Konstitusiya Məhkəməsi göstərilən sənədləri 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə, onların Seçki Məcəlləsinə uyğunluğunu yoxlayır.
Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər.
Dairə seçki komissiyalarının protokolları bu Məcəllənin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir.
Seçkilərin yekunları bütövlükdə təsdiq edilmədikdə, Konstitusiya Məhkəməsi bu haqda qərar çıxarır və bu Məcəllənin 145-ci maddəsinə uyğun olaraq yeni seçkilər təyin edilir.
Konstitusiyanın 88-ci maddəsinin I bəndinə əsasən, Milli Məclisin yeni seçilmiş 83 deputatının səlahiyyətləri təsdiqlənəndən sonra bir həftədən gec olmayaraq parlamentin ilk iclası keçirilməlidir.
Əgər seçkilərdən sona martın 10-dək 83 deputatın səlahiyyəti təsdiqlənməzsə, Milli Məclisin ilk iclasının keçirilmə vaxtını Konstitusiya Məhkəməsi müəyyən edir.
Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, parlamentin ilk iclasını ən qocaman deputat açır, yeni seçilən deputatların siyahısını oxuyur və sədr seçilənədək birinci iclası aparır. Onun təklifi ilə Hesablayıcı Komissiya və bu barədə qərar qəbul edildikdən sonra sədr seçiləcək.
Modern.az saytının məlumatına görə, Milli Məclisin qalib elan edilmiş yeni üzvləri arasında ən qocaman deputatı isə xalq artisti, bitərəf Zeynəb Xanlarovadır. 1936-ci il təvəllüdlü (79 yaş) Zeynəb Xanlarova növbəti 5 il müddətinə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilib.
Amma Zeynəb Xanlarova nınV çağırış Milli Məclisin ilk iclasına sədrlik edəcəyi şübhə doğurur. Məsələ burasındadır ki, 2010-cu ildə IV çağırış Milli Məclisin ilk iclasını ən yaşlı deputat Cəlal Əliyev açmalıydı, lakin o xəstə olduğundan parlamentə gəlməmişdi. Bu səbəbdən də o zaman IV çağırış Milli Məclisin ilk iclasını parlamentin digər yaşlı deputatı kimi Zeynəb Xanlarova deyil, Fəttah Heydərov (1938-ci il təvəllüdlü) açmışdı.
Çox gümanki, Zeynəb Xanlarova bu dəfə də iclası açmaq səlahiyyətini Fəttah Heydərova güzəştə gedəcək...
***
Plenumun iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib. İclasda məruzəçi hakim Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verməyə başlayıb.
Məruzəçi hakim Kamran Şəfiyev qeyd edib ki, Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 18-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib və təqdim edilən sənədlər Konstitusiya Məhkəməsində yoxlanıb.
Hakim Rəfael Qvaladze seçkilərlə bağlı məhkəmələrə daxil olan şikayətlər barədə məlumat verib. Onun sözlərinə görə, Respublika Prokurorluğu bildirib ki, prokurorluq orqanlarına seçki hüquqlarının pozulması ilə 23 şikayət təqdim edilib, 19 şikayət aidiyyəti üzrə göndərilib, 4 şikayət üzrə isə qanunvericiliyin tələbləri izah edilib.
İclasda çıxış edən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, Milli Məclisə seçkilərlə əlaqədar 1823 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 1753 nəfərə imza vərəqi verilib, 1457 nəfər imza vərəqini qaytarıb, 1247 nəfərin deputatlığa namizədliyi qeydə alınıb, onların bir qismi sonradan deputatlığa namizədliyini geri götürüb və 767 nəfərin adı protokola daxil edilib. Seçkiləri 40 beynəlxalq təşkilatdan 57 ölkənin vətəndaşı olan 503 beynəlxalq müşahidəçi, 27 beynəlxalq KİV-dən 42 nəfər, 66 minə yaxın yerli müşahidəçi izləyib. Eyni zamanda 1000 məntəqədə veb-kamera quraşdırılıb. Seçkidə 15 siyasi partiya və 7 partiyanın bir araya gəldiyi “Azadlıq-2015” siyasi partiyalar bloku iştirak edib. Namizədlər seçicilərlə görüşlərin keçirilməsində heç bir məhdudiyyətlə üzləşməyiblər, təşviqat prosesi geniş miqyasda həyata keçirilib. Seçicilərin fəallığı 55,54 faiz olub. Başqa sözlə, seçici siyahılarına daxil edilmiş 5 milyon 211 min 765 seçicidən 2 milyon 894 min 515 seçici səsvermədə iştirak edib. MSK sədri deyib ki, 90 saylı Ağdaş Seçki Dairəsi üzrə 40 seçki məntəqəsi, o cümlədən 12 saylı Qaradağ-Binəqədi-Yasamal, 15 saylı Yasamal Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 53 saylı Quba-Qusar Seçki Dairəsi, 82 saylı Ağcabədi Seçki Dairəsi, 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsi, 85 saylı Şamaxı Seçki Dairəsi, 121 saylı Laçın Seçki Dairəsi üzrə ümumilikdə 58 seçki məntəqəsində nəticələri müəyyən etmək mümkün olmadığı üçün bu seçki məntəqələri üzrə nəticələr ləğv olunub. 90 saylı Ağdaş Seçki Dairəsi istisna olmaqla, bu məntəqələrdə seçkinin nəticələrinin ləğv edilməsi həmin dairələr üzrə ümumi nəticəyə təsir etməyib. MSK noyabrın 17-də 90 saylı Ağdaş Seçki Dairəsində 40 seçki məntəqəsinin hamısında seçkinin nəticələrini etibarsız sayıb və bu dairədə seçkinin nəticələrinin etibarsız sayılması barədə qərar verib: “Hesab edirəm ki, Konstitusiya Məhkəməsi MSK-nın seçkilərin nəticələri ilə bağlı təqdim etdiyi sənədi təsdiq edə bilər”.
Daha sonra Konstitusiya Məhkəməsinin hakimləri M. Pənahova bir neçə sual ünvanlayıb, M. Pənahov həmin sualları cavablandırıb.
İclasda ekspert qismində Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov çıxış edib. O, 1 noyabr seçkilərinin Konstitusiyaya uyğun olaraq azad, ədalətli, demokratik keçirildiyini deyib, seçki prosesinə müsbət rəy verib.
***
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclasda keçirilən dinləmələrdən sonra bildirib ki, Məhkəmənin hakimləri Milli Məclisə seçkilərlə bağlı sənədləri araşdırıb qərar qəbul etmək üçün müşavirə otağına getməlidir. Beləliklə, iclasda fasilə elan edilib və hakimlər Milli Məclisə seçkilərlə bağlı sənədləri araşdırıb və qərar qəbul etmək üçün müşavirə otağına gediblər.
***
Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib.
Qərara əsasən, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq edib.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 18-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.
Modern.az