Modern.az

“Yeni komitə parlamentdə əvvəl üzləşdiyimiz problemləri həll edə bilər”

“Yeni komitə parlamentdə əvvəl üzləşdiyimiz problemləri həll edə bilər”

Təhsil

26 Noyabr 2015, 11:39



Milli Məclisdə edilən mühüm dəyişiklərdən biri 4 yeni komitənin yaradılması və onların müvafiq dövlət qurumlarının adları ilə eyni olmasıdır. Bunlardan biri də Ailə, qadın və uşaq məsələləri üzrə komitədir. Komitənin sədri Aqiyə Naxçıvanlı seçilib.

Ailə, Qadın və Uşaq Məslələri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Modern.az-a bildirib ki, Milli Məclisdə konkret istiqamətlər üzrə yeni komitələrin yaranması dövlət qurumları, müvafiq nazirliklərin qanunvericilikdə müvafiq dəyişiklər edilməsi, qanunların təkmilləşməsi istiqamətində işlərini rahatladacaq:

“Qanunvericiliyin təkmilləşməsi, yeni qanunlarla bağlı sənədlərin Milli Məclisdən keçirilməsi zamanı kiçik problemlər yaranırdı. Sənəd Sosial siyasət komitəsinə veriləndə deyirdilər ki, onlara aid deyil, Hüquq siyasəti komitəsinə göndərin. Amma indi konkret komitələrin yaranması bu işi asanlaşdıracaq. Hesab edirəm ki, Ailə, qadın və uşaq məslələri üzrə komitənin yaradılması və Aqiyə Naxçıvanlının sədr seçilməsi ilə bizim yaxşı əməkdaşlığımız yaranacaq. Ailə, qadın və uşaq məslələri, bu istiqmaətdə aparılan dövlət siyasəti və problemlər hər zaman ictimaiyyətin diqqət mərkəzində olub, həmişə müzakirə edilib, yollar axtarılıb”.

Onun fikrincə, Milli Məclisdə bu komitənin yaranması ölkədə bu sahədəki problemlərin aradan qaldırılmasına böyük təkan verəcək: “Bizi narahat edən problemlər, qanunlar, yeni qanun layihələrinin hazırlanması - həddindən artıq məsələlər var - bunların üzərində mütəxəssislər işləməlidirlər və bu istiqamətdə islahat getməli, ölkədəki problemlərin həlli ilə bağlı konkret tədbirlər görülməlidir. Milli Məclis elə bir orqandır ki, orada problemlərin həlli istiqamətində konkret tədbirlər görülür. Düşünürəm ki, əməkdaşlığımız nəticəsində ölkədə ailə, qadın və uşaq məsələləri ilə bağlı problemlərin həllində müsbət irəliləyişlər əldə edə bilərik”.

Sədaqət Qəhrəmanova gələcəkdə müvafiq komitə ilə hansı istiqmaətdə əməkdaşlığın reallaşa biləcəyinmi qeyd edib:

“Qadınların əmək hüquqları ilə bağlı xeyli məsələ var, bunlar öyrənilməli, tədqiqat aparılmalı və yeni sənədlər, aktlar qəbul olunmalıdır. Beynəlxalq Əmək Təşkilatının Konvensiyasını imzalamışıq, bu istiqamətdə işləməliyik, deməli, konvensiyadakı şərtləri yerinə yetirmək üçün də yeni qanunların qəbuluna, yaxud mövcud qanunlarda müvafiq dəyişiklərin edilməsinə ehtiyac var. Düşünürəm ki, bizim Milli Məclisin müvafiq komitəsi ilə əməkdaşlığımız bu istiqamətdə çox böyük dəstək olacaq.

Övladlığa götürülmə üçün şəxs 3 dövlət qurumuna müraciət etməlidir - Təhsil, Səhiyyə nazirlikləri və Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinə. Bu məsələnin daha düzgün həyata keçirilməsi ilə bağlı islahatlara böyük ehtiyac var. Ailə strategiyasının işlənməsi ailələrlə bağlı nə qədər problemin həllinə kömək edə bilər

Həddindən artıq məsələ var, bunlar müzakirə edilməli, dövlət proqramları, müəyyən strategiyalar hazırlanmalıdır”.

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?