Abid Tahirli imzası ədəbiyyat, elm, publisistika və jurnalistika aləmində necə hörmət, şöhrət və məhəbbət qazanıbsa, adı da bir o qədər dostlarının, tələbə yoldaşlarının, eloğlularının yanında xətir-hörmətlə çəkilir, əziz tutulur. Bu ensiklopedik savadlı və yorulmaz, inadkar tədqiqatçı xislətli adamın səbrinə, hövsələsinə, hədsiz açıqürəkli və səxavətli olmasına qibtə eləməmək sadəcə mümkünsüzdür.
Abid müəllim hələ tələbəlik dövründən unudulmuş, kimsəsiz, qismətinə mühacir həyatı düşmüş yazarların, elm fədailərinin, naşir və publisistləin aranıb üzə çıxarılmasında əsl “geoloq” missiyasını böyük həvəslə həyata keçirirdi. “Vətən” Cəmiyyətinin “Odlar Yurdu” qəzetində çalışarkən onun yaradıcılıq diapazonu, müşahidə radiusu daha da genişlənmiş, gənc jurnalistin bloknotunda yazılan adlara, soyadlara sonradan əbədiyaşarlıq vəsiqəsi verilmişdir. Bu cür yorulmaz fəaliyyətini o, işlədiyi bütün yerlərdə özünün daimi yaradıcılıq kredosuna, vətəndaşlıq vəzifəsinə çevirə bilmişdir. General və “Rəşid bəy və Səadət xanım” kimi bütün Avropaya səs salmış, fransız dilində yazılmış əsərin müəllifi İsmayıl bəy Qutqaşınlının, vaxtılə Rusiya müsəlmanlarının lideri statusunu qazanmış böyük maarifpərvər yazıçı, tərcüməçi və ideoloq İsmayıl Qaspıralının, məşhur Hacibəylilər nəslinin nümayəndəsi Ceyhun bəy Hacibəylinin və digər böyük düşüncə və təfəkkür yiyələrinin həyat və yaradıcılığı, ağrılı-acılı həyat yolu barədə həqiqətləri ardıcıllıqla və yüksək professionallıqla Azərbaycan oxucusunun diqqətinə çəkən Abid Tahirli bir sıra xarici ölkələrin arxivlərində, dövlət idarələrində, nüfuzlu şəxslərlə görüşlərində hansı əzabları, maliyyə sıxıntılarını keçirib, bir özü bilir, bir də Allahı. O, tədqiqatlarının tam başa çatması, ortaya ürəyincə əsər qoyması naminə halalca maaşını, istirahət üçün ayrılan məzuniyyət vaxtını heç zaman əsirgəməyib. Onu bu işlərə ruhlandıran isə heç də məşhurluq, populiyarlıq qazanmaq həvəsi yox, Vətəni Vətəndən uzaqlarda şöhrətləndirən, adımızı yaşadan soydaşlarımızın kimliyini, onlar barədə söylənilən və yazılanların əslini böyük oxucu kütləsinə çatdırmaq istəyi olub.Abid müəllim sadədən sadə bir insandır. Yol yoldaşlığına da söz ola bilməz. Heç vaxt səni darıxmağa qoymaz. Ciddi söhbətlərdə də, zarafatda, yumorda da birincilərdəndir. Sözün düzü belə rahat, təvazökar, səmimi insanlar indi az-az tapılır. Abidi tanıyan, dostlaşan və kəşf edənlər də onunla birgə olanda hər zaman özlərini rahat, xoşbəxt hiss edirlər. Bu hissi yaşayanların sayı ölçüyəgəlməzdir və elə biri də bu sətirlərin müəllifidir.
60 yaşın mübarək, əziz dost! Bu rəqəm qocalığın yox, ucalığın işarəsidir. Zirvələr isə qarşıdadır, yolunu gözləyir.