“Nardaran kəndində qazın kəsilməsinin məlum hadisələrlə əlaqəsi yoxdur”. Bu sözləri Modern.az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.
O qeyd edib ki, Nardaran kəndinə mavi yanacağın verilişi hələ yay aylarından dayandırılıb. Buna səbəb isə kənd sakinlərinin qeyri-qanuni yolla qazdan istifadə etməsi olub.“Nardaran bağ massivinə mavi yanacaq verilir. Burada heç bir problem yoxdur. Sakinlər 24 saat fasiləsiz qazdan istifadə edirlər. Lakin Nardaran kəndində qazdan qeyri-qanuni istifadə halları olduğu üçün kəsilib. Yəni bunun son məlum hadisələrlə əlaqəsi yoxdur”.
İ.Kərbalayev bildirib ki, Nardaran sakinləri müraciət edərsə, ora yenidən təbii qazın verilişi bərpa oluna bilər. “Qeyri-qanuni halların qarşısı yayda alındı. O zamandan da mavi yanacağın verilməsi dayandırılıb. Əgər Nardaran sakinləri müraciət edərsə, təbii qaz kəndə yenidən verilə bilər”.
Qeyd edək ki, Nardaranda baş verən silahlı insident zamanı 2 polis, 4 dindar ölüb. “Müsəlman birliyi” hərəkatının rəhbəri Taleh Bağırzadə və tərəfdarları isə həbs edilib.
Aytən ZƏHRA