Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Nardaranda iki polisin və 4 dindarın ölməsinə münasibət bildirib. Modern.az onun açıqlamasını təqdim edir:
Din pərdəsi altında gizlənən ekstremist qüvvələrin bu çirkin hərəkətləri Azərbaycanı və İslam dinini gözdən salmağa hesablanmış addımdır. Dindarlar gərək bu məsələyə bir mövqe qoysun. Televiziya və digər təbliğat vasitələrindən istifadə etməklə ictimai rəyi formalaşdırmalıdırlar. Gerçək din bəzi ekstremist qüvvələrin etdiyi hərəkətlər və dedikləri fikirlər kimi deyil axı!Deyirik ki, Vətənə məhəbbət imandandır. Hansı dinə mənsub olmasından asılı olmayaraq imanlı insanlar Vətənə bağlı olur, onun mənafeyini qoruyur və yolunda şəhid olmağa hazır olurlar. Başqa ölkələrin əlində alət olub öz Vətəninə qarşı çıxmaq imansızlıqdır. Göründü ki, İŞİD adı ilə belələrini hazırlayıb İslamı gözdən salmaq istəyirlər. O cümlədən din pərdəsi adı altında bir qrup adamı ortaya atmaqla Azərbaycanda da İslamı nəzərdən salmağa çalışırlar. Bu məsələnin imanlı, din adamlarına heç bir aidiyyatı yoxdur.
İslam dini barış dinidir. Azərbaycan müxtəlif ölkələrin maraq dairəsindədir. Xüsusən dini amil silahından istifadə edib ölkəmizə qarşı öz imkanlarını qoymaq istəyən qüvvələrin zərərsizləşdirilməsi vacibdir. Hesab edirəm ki, ölkə rəhbərliyi, Daxili İşlər Nazirliyi doğru addım atıb. Ölkə mənafeləri söz mövzusu olan yerdə heç bir güzəştdən söhbət gedə bilməz.
Ciddi şəkildə din adamları, Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə qurum bu məsələlərin dinə aid olmamasını təblig etməlidir. Məlum olmalıdır ki, siyasi spekulyasiyalarda din amilindən istifadə etməyin İslama heç bir aidiyyatı yoxdur.
Amma biz hər bir ölkədə İslama qarşı mövqe və münasibətin pis mənada dəyişməsinin də qarşısını almalıyıq.
Bir çoxları belə olayların arxasında İranın adını çəkməyə ehtiyat edir. Amma İran burada uzun illər müəyyən işlər görüb. Həm də bəzi fitvalar verirlər. İranın qum şəhərində Şimali Azərbaycandan gedib təhsil alan uşaqlardan heç birinə indiyə qədər yüksək rütbəli din xadimi adı verilməyib.
Onların iddiasına görə, yüksək rütbəli din xadimləri də yalnız İrandan olmalıdır. Deməli, onlar İslamı özlərinin monopoliyasına alıb, istədikləri formada siyasət yeritməyə çalışırlar. Bu amillə də Azərbaycanda müəyyən işlər görmək istəyirlər. Hesab edirəm ki, onların qarşısında millətçi qüvvələr, türk və İslam birliyi adı altında millət və din əl-ələ tutaraq dayanmalıdır.
Çünki İran ümmətlilik siyasəti adı altında öz siyasətini yeridir. Amma bütün ümmətlərin bərabər olduğunu demələrinə baxmayaraq, Ermənistana münasibətdə tamamilə fərqli münasibət tutur, onu hərtərəfli şəkildə dəstəkləyirlər. Pakistan müsəlman ölkəsi olaraq Ermənistanı bu günə qədər dövlət olaraq tanımadığı halda, İran işğalçı ölkəyə qucağını açıb. Hesab edirəm ki, Nardaranda baş verən hadisə, polisə silah çəkmək birmənalı şəkildə İrandan qaynaqlanan məsələdir”.
Rüfət NADİROĞLU