Gəncə şəhərində Demokratik İslahatçı Gənclər İctimai Birliyinin prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim” layihəsinin icrasına start verilib.
Modern.az xəbər verir ki, layihə çərçivəsində keçirilən konfransda kütləvi informasiya vasitələri ilə yanaşı, Gəncə şəhərindəki ali məktəb tələbələri, regionun media mənsubları, partiya üzvləri iştirak edib.Layihənin əsas məqsədi Azərbaycan həqiqətlərini, Qarabağ problemini dünyaya daha yaxından tanıtmaq məqsədilə mətbu sözün təsir gücündən səmərəli istifadəyə nail olmaq, eləcə də Azərbaycan haqqında beynəlxalq aləmə daha dolğun və obyektiv məlumatlar çatdırmağa kömək göstərməkdir.
Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynli layihəyə Gəncədən start verilməsinin səbəbini açıqlayıb: “Bildiyiniz kimi, Gəncə 2016-cı ildə Avropa Gənclər Paytaxtı seçilib: “Bura turistlər çox gəlib-gedir, beynəlxalq gənclər təşkilatları mütəmadi səfərlər edirlər. Düşündük ki, gələn il öncəsi media nümayəndələrinə dəstək kimi belə bir layihə həyata keçirdək. Bu bir növ Gəncənin Avropa Gənclər Paytaxtı kimi tanıdılması üçün beynəlxalq aləmdə bir kampaniyanın qurulmasına yardım edəcək”.
Tədbirdə jurnalistlərin bu sahədə üzərinə düşən vəzifələr ətraflı müzakirə edilib, beynəlxalq media səhifələrində Azərbaycanın təbliğində lobbiçilik siyasətinin qurulması və ondan səmərəli istifadə xüsusi vurğulanıb.
Ağa Akifoğlu