Modern.az

Azərbaycanda QİÇS-dən 681 nəfər ölüb - AÇIQLAMA

Azərbaycanda QİÇS-dən 681 nəfər ölüb - AÇIQLAMA

Təhsil

1 Dekabr 2015, 10:26

Bu gün ümumdünya QİÇS-lə  mübarizə günüdür. İlk dəfə 1988-ci ildə təsis edilən QİÇS günü bu il artıq 27-ci dəfədir keçirilir. XX əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən biri QİÇS - Qazanılmış İmmun Çatışmazlığı Sindromudur. Adından da göründüyü kimi, QİÇS insanla doğulan, insana xas xəstəliklərdən deyil. Narkomaniya, qeyri-sağlam həyat tərzi, antisanitariya, natəmizlik - bütün bunlar QİÇS-in yaranmasında və yayılmasında mühüm rol oynayır.

Dünya ölkələrində QİÇS-li xəstələrin sayı durmadan artır. 2012-ci ilin sonuna olan məlumata görə, dünyada 35,3 milyon HİV-li insan yaşayır. Onlardan 17,7 milyonu qadın, 3,3 milyonu uşaqdır. Xəstəliyə görə ölənlərin sayı 1,6 milyondur.

Son illər Azərbaycanda HİV daşıyıcılarının sayı kifayət qədər artıb. Mütəxəssislər real göstəricilərin açıqlanan rəqəmlərdən qat-qat çox olduğunu bildirirlər.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarovun Modern.az saytına verdiyi məlumata görə, Azərbaycan epidemiyanın yayıldığı yüksək riskli ölkələr sırasında deyil:

“İl ərzində bu virusa yoluxanların sayı təqribən 500 nəfər olur. Xəstəlik daşıyıcıları daha çox narkotranzit yolu olan rayonlardır. Cənub bölgəsində xəstəliyin yayılması daha çoxdur. Ümumi nisbətdə HİV-in yayılmasına görə birinci yerdə Hacıqabul, sonra isə Şirvan bölgəsidir.

Hazırda Azərbaycanda rəsmi olaraq 4902 nəfər HİV virusuna yoluxan xəstə var. Onlardan 4735 nəfəri Azərbaycan, 167 nəfəri isə xarici vətəndaşdır. Xarici ölkə vətəndaşlarının hamısı dövlət hesabına müalicə alırlar. Halbuki, qonşu ölkələrin heç birində HİV daşıyıcısı olan Azərbaycan vətəndaşları dövlət hesabına müalicə almırlar”.

Şöbə müdiri qeyd edib ki, HİV virusunun daşıyıcısı olan 4735 nəfər Azərbaycan vətəndaşından 3597 nəfəri kişi, 1138 nəfəri isə qadındır:

“QİÇS mərhələsində olan insanların sayı 1519 nəfərdir. Onlardan 1495 nəfəri Azərbaycan vətəndaşıdır.

2014-cü ildə bu virusdan ölənlərin sayı 681 nəfərdir. Onlardan 671 nəfəri Azərbaycan vətəndaşıdır”.

Həkim 2014-cü il ərzində ilk dəfə 604 nəfərə bu diaqnozun qoyulduğunu bildirib. Bu virusa yoluxanların yaş aralığına gəldikdə isə həkim xəstələrin əsasən 30-39 yaş aralığında olduğunu qeyd edib:

“Yoluxmalar içərisində anadan yoluxma faktını nəzərə alsaq bu virusun ən gənci elə yeni doğulan uşaqdır. Ən yaşlıya gəldikdə, onların arasında 65 yaşından yuxarı olan insanlar da var. Ancaq bu o demək deyil ki, həmin şəxs məhz bu yaşında virusa yoluxub. Yəni ola bilər ki həmin şəxs daha erkən yaşlarında bu  virusa yoluxsun”.

Natiq Zülfüqarov özündə xəstəliyin əlamətlərini hiss edən şəxslərə müraciət edib:

“Hədəflər yeni yoluxma hallarını, anadan uşağa yoluxma hallarını sıfıra endirmək və QİÇS-dən ölənlərin sayını sıfıra endirməkdir. Çox vaxt ictimai qınaqdan çəkinən HİV daşıyıcıları müalicə, müayinə olunmaqdan çəkinirlər. Əgər xəstəlik vaxtında aşkar olunub, müalicə olunarsa ölüm halı baş verməz. Buna görə də çəkinməyə dəyməz”.

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?